“Ustad” ədəbiyyat və sənət jurnalının 34-cü nömrəsi çap olunub. Nəşrin bu sayında müxtəlif məzmunda araşdırma yazılar, esselər, hekayə və şeirlər, tərcümələr, ədəbiyyat və sənətlə bağlı digər yazılar yer alıb.
Jurnalda Mədəniyyət naziri Əbülfəs Qarayevlə müsahibə də dərc edilib. Müsahibədə müasir kitabçılıq, mədəni tədbirlər fonunda kitaba maraq, regionlarda kitab oxuma həvəsi və s. haqqında danışılıb.
Baş redaktor Şəmil Sadiqin “Teatrımızın dirilişi” yazısı İlqar Fəhminin “Mənəm, mən...” mistik-psixoloji dramı əsasında Yuğ teatrında hazırlanan tamaşa haqqındadır.
Dino Busattinin “Tatar çölü” romanı haqqında filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın yazısı, Səlim Babullaoğlunun “Noyabr gündəliyi” də jurnalın bu nömrəsində çap edilib. Azərbaycan mühacirətinin görkəmli nümayəndələrindən olan Süleyman Təkinərin sovet tənqidi haqqında 1959-cu ildə Almaniyada çap olunmuş məqaləsi Azərbaycan dilinə uyğunlaşdırılaraq dərc olunub.
Müasir türk ədəbiyyatından Hakan Bıçakçının hekayələri filologiya üzrə fəlsəfə doktoru Nərmin Cahangirovanın tərcüməsində oxuculara təqdim edilib. “Bölgələrdə nədən yazılır?” məqaləsində (Nizami Hüseynov) yerlərdə son illərdə yaranan ədəbiyyatın mövzularından, janr və forma müxtəlifliyindən bəhs olunur.