Bəzən sanballı bir əsər də müəllifinin yaradıcılıq salnaməsində əbədi yer alması üçün yetərli olur. Bu, təsviri sənət əsəri, ədəbi nümunə, ekran işi və s. ola bilər. Zeynalabdin Marağayi də ədəbiyyatımızda bir əsərlə – “İbrahim bəyin səyahətnaməsi, yaxud təəssübkeşliyin bəlası” romanı ilə qalıb. “Müfəttiş” komediyasında N.Qoqol o dövr Rusiyasının “xəstəlik tarixi”ni qələmə aldığı kimi, Z.Marağayi də bu əsəri ilə İranın eyni durumunu təsvir edib. Vəfatının 110 illiyi münasibətilə tanınmış səyyah-ədibi yada saldıq.
Hacı Zeynalabdin Məşədi Əli oğlu Marağayi 1838-ci ildə Cənubi Azərbaycanın Marağa şəhərində dünyaya göz açıb. Gənc yaşlarında Ərdəbil şəhərinə gəlib ticarətlə məşğul olur. Ancaq uğur əldə edə bilməyib müflisləşir və qardaşı ilə birgə az bir sərmayə götürüb Tiflis şəhərinə gedirlər. Burada da ticarətlə məşğul olurlar. Qısa vaxt ərzində maddi vəziyyətləri yaxşılaşır. İrandan iş dalınca Tiflis şəhərinə gələn gənclər arasında Zeynalabdin Marağayi maddi imkanı, həm də şəxsi keyfiyyətləri ilə fərqlənir.
İranın Tiflis şəhərindəki baş konsulu Əsədulla xan Nazim Z.Marağayini yanına çağırıb onu Kutaisi şəhərində naib-konsul işinə təyin edir. Z.Marağayi bu barədə yazıb: “O zamanlar Kutaisi şəhərində konsul, iranlıların başçısı, həm də tacir idim. Həmvətənlərimə yardım etmək və təzyiqlərdən qorumağı özümə borc bilirdim. Hər cür çətinliklərini həll edirdim. O zamanda bütün qazandığım mal-dövlət əlimdən getdi. Təkcə əlimdə həmvətənlərin borcları yazılmış bir dəftər qaldı. Məcbur qalıb oradan Krıma köçdüm. Qardaşımla birlikdə İstanbul-Krım arasında ticarətlə məşğul olurduq...”.
Rusiya ilə Osmanlı (1853-1856) arasında növbəti müharibə başlayır. Hər iki qardaş Krımdan rus imperatorunun yaylası olan Yalta şəhərinə gedir və burada da ata-baba peşələrini davam etdirirlər. Z.Marağayi şahzadə və yuxarı təbəqənin nümayəndələri ilə ünsiyyət qurur, hörmət və etibar qazanır. Burada “dürüstkar tacir” ləqəbi ilə tanınır və Rusiya təbəəliyini qəbul edir. Ancaq bir müddətdən sonra peşman olub evini və dükanını sataraq İstanbula gəlir. Sonra Həcc ziyarətində olur. İstanbulda “Şəms” qəzeti ilə əməkdaşlıq edir. Hindistanın Kəlküttə şəhərində nəşr olunan “Həblül-mətin” dərgisində məqalələrlə çıxış edir. Görkəmli səyyah və ədib 1910-cu ildə Marağa şəhərində dünyasını dəyişib.
***
Zeynalabdin Marağayinin yaradıcılığı üç cilddə çap olunmuş “İbrahim bəyin səyahətnaməsi” romanından ibarətdir. Əsərdə məmurların əməlləri, xalqın savadsızlığı, xurafatın tüğyan etməsi, ümumilikdə İranın qonşu ölkələrlə müqayisədə inkişafdan geri qalmağının səbəbləri aydın şəkildə təsvir olunub. Romanda müəllif yaşadıqlarını İbrahim bəyin dilindən bəyan edir.
Əsərdə göstərilir ki, İbrahim bəy iranlı bir tacirin oğludur. O, 50 il qabaq ticarət məqsədilə Misirə köçüb. Ticarət işləri yaxşı alındığından burada qalmalı olub. Bu illər ərzində öz məmləkətinin adət-ənənələrini unutmayıb. Hətta bir kəlmə ərəb sözü öyrənməyib. Bu imanlı tacir ailəsini və uşaqlarını da vətən eşqi ilə böyüdüb. İbrahim bəy 20 yaşında olarkən atası vəfat edib və oğluna vəsiyyətində yazıb: “Otuz yaşına kimi dünyanın hər yerinə səfər edərsən. Getdiyin yerlərdə hər nə görsən yaz və saxla. O yazdıqların bir gün kara gələr”.
Atasının vəfatından sonra İbrahim bəy səyahətə çıxır. İstanbul, Batumi, Tiflis, Bakı, Ənzəli, Aşqabad və digər şəhərlərdə olur. Batumda görür ki, iranlılar dəstə-dəstə yırtıq-yamaqlı paltarda və çox zəif halda bir tikə çörəyə görə hər işi qəbul edirlər. Həmvətənlərinin biri deyir: “Bütün Qafqazın şəhərləri, qəsəbələri və hətta kəndləri ac iranlılarla doludur. Onlar hakimlərin, darğaların, bəylərin və kattaların zülmündən rum, rus və Hindistan məmləkətlərinə yayılıblar. Sübhdən axşamadək günün qabağında bir tikə çörək üçün ağır işlər görürlər”.
İbrahim bəy Tehrana gəlib hakim dairələrin qapısını döyür. Ancaq ona cavab verən olmur. Görür ki, İranın vəzir-vəkilləri sərxoş haldadır, dünyadan xəbərləri yoxdur. Kədərli və məyus halda Misirə qayıdır. Qayıdarkən Qəzvin, Ərdəbil, Marağa, Binab, Urmiya və Təbriz şəhərlərində olur. O, hər şəhərdən keçərkən bir cümləni təkrar edir: “Hamısı diri ikən ölüdür, ölmüş ikən canlı”.
Z.Marağayinin bu səyahətnaməsi XIX əsr İranın ümumi vəziyyətini və mənzərəsini dolğunluqla əks etdirir. Tarixçi Əhməd Kəsrəvi “Tarixi-məşruteyi-İran” kitabında yazır: “O kəslər ki, bu kitabı öz zamanında oxumadığı üçün özlərində bir kəsir hiss ediblər. Çox şəxsləri tapmaq olar ki, bu kitabın vasitəsilə ağır cəhalət yuxusundan oyanıb və özünü dərk edib”.
Uzun müddət bu əsərin oxunması və yayılması ölkədə qadağan edilib. “İbrahim bəyin səyahətnaməsi” bu gün də aktuallığını qoruyub saxlayır.
Savalan FƏRƏCOV