Vaterloo şəhərinin meri Azərbaycan diasporunun məktubunu cavablandırıb
Belçikanın Vaterloo şəhərinin meri Florence Reuter Azərbaycan şairəsi Xurşudbanu Natəvanın şəhərdəki abidəsinə qarşı törədilmiş vandalizmlə əlaqədar diasporumuzun məktubuna cavab verib.
Mer Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının və Benilüks Azərbaycanlıları Konqresinin ona ünvanladığı məktuba cavabında qeyd edib ki, polis orqanları məsələ ilə bağlı təhqiqata başlayıblar. Yazılı hesabat hazırlanıb. Abidə bərpa ediləcək. Hadisə ilə bağlı aidiyyəti qurumlar müvafiq iş aparır.
Natəvanın Vaterloo şəhərinin mərkəzi parkındakı abidəsi Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılıb. 2016-cı il fevralın 18-də abidənin açılışı olub.
Heykəlin postamentində “Şərqin müasir maarifçi və şairə qadını Xurşudbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində aparılan işlərə bir töhfədir.
Heykəl Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb.