Muzeylərə və kitabxanalara giriş məhdudlaşdırılıb
Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün mədəniyyət müəssisələrində də təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə APA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib.
Onun sözlərinə görə, Mədəniyyət nazirinin martın 3-də imzaladığı əmrlə tabelikdə olan təhsil müəssisələrində tədris-təlim prosesi müvəqqəti olaraq dayandırılıb: “Martın 6-da verilən digər əmrlə infeksiyanın mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə tədbirlər planı tərtib edilib. Hazırda Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə sanitar-gigiyena və profilaktik-dezinfeksiya işləri görülür, qapalı ərazilərdə kütləvi tədbirlər təxirə salınır, xarici ezamiyyələrin məhdudlaşdırılması, maarifləndirmə və cari işlərin aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
Şöbə müdiri bildirib ki, görülən tədbirlərin davamı olaraq martın 12-də növbəti əmr imzalanıb: “Həmin əmrlə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, regional mədəniyyət idarələrinin və mədəniyyət müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Tapşırıqlara əsasən, həmin müəssisələrdə iş planlarına yenidən baxılması, sənədləşmə və kargüzarlıq fəaliyyətinin təkmilləşdirilməsi, internet saytlarının zənginləşdirilməsi, sosial şəbəkələrdəki fəaliyyətin təşviqi, statistik göstəricilərin, hesabatların, maliyyə sənədlərinin yoxlanılması, tədris proqramlarının şagirdlər tərəfindən tam mənimsənilməsi məqsədilə məktəblərin və müəllimlərin iş planlarında müvafiq dəyişikliklərin edilməsi, müəllimlərin uşaq musiqi və incəsənət məktəblərinin tədris portalından intensiv istifadəsinin təşviq edilməsinə dair tapşırıqlar verilib. Habelə həmin əmrlə teatr-konsert müəssisələrində yaradıcı heyətin məşq proseslərini və texniki heyətin işə davamiyyətinin müvafiq qaydada tənzimlənməsini, cari təsərrüfat problemlərinin həlli tapşırılıb”.
Eyni zamanda “Azərbaycanfilm” kinostudiyasında istehsal prosesində planlaşdırılmış kütləvi səhnələrin çəkilişlərinin müəyyən müddətə təxirə salınıb. Nizami Kino Mərkəzinin böyük zalının bağlanması ilə əlaqədar olaraq iki kiçik zalına nəzarətin gücləndirilib davamlı şəkildə sanitar-profilaktik tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin muzeylərdə veb-saytların yenilənməsi, sənədləşmə, fondların təkmilləşdirilməsi və muzey işinin təhlili istiqamətində tədbirlər həyata keçirilməsi, elmi tədqiqat, bərpa işlərinin və muzey ekspozisiyalarının internet üzərindən virtual olaraq təqdim olunması, habelə fərdi ustad dərsləri və mühazirələrin canlı yayım vasitəsilə ictimaiyyətə təqdim olunması tapşırılıb.
Eləcə də kitabxanalarda kitab və köməkçi fondların yoxlanılması, fondların inventarizasiyası, kataloq və kartotekaların redaktə, təmizlənmə və qaydaya salınması, biblioqrafiyanın və elektron məlumat bazalarının tərtibi, virtual kitabxana xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Bakı şəhəri və regionlarda fəaliyyət göstərən muzey və mərkəzi kitabxanalarda iş fəaliyyəti ilə bağlı qeyd olunan dəyişikliklərin həyata keçirilməsi və muzeylərə tamaşaçıların, kitabxanalara oxucuların gəlişi məhdudlaşdırılıb.