ABŞ-ın Yuta Ştat Senatı martın 9-da Azərbaycanın dinlərarası harmoniya və multikulturalizm ənənələrini təqdir edən bəyannamə qəbul edib.
Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycandakı dinlərarası tolerantlıq mühiti təsvir olunaraq bu mühitin gücləndirilməsində Azərbaycan hökumətinin önəmli rolu vurğulanır.
Plenar iclasda qəbul edilən bəyannaməni senator Cin Deyvis oxuyub. Yuta Senatının sədri Stüart Adams Azərbaycanın dünyada dini azadlıqlara göstərdiyi hörmətə və dinlərarası tolerantlığına görə tanındığını bildirib.
İclasda Yuta ştatında səfərdə olan Azərbaycan nümayəndə heyəti iştirak edib. Heyətə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev daxildir.
Bəyannamənin qəbulundan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək ölkəmizin multikulturalizm ənənələrini yüksək dəyərləndirdiyinə görə Yuta Senatına təşəkkürünü bildirib. O, Azərbaycanın bu gün dinlərarası harmoniya üzrə gözəl bir örnək olduğunu, ölkəmizdə müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələrinin qarşılıqlı hörmət və qardaşlıq şəraitində birgə yaşadıqlarını qeyd edib.
Səfər müddətində nümayəndə heyəti Yuta Ştat Senatının sədri Stüart Adams, Yuta Ştat Nümayəndələr Palatasının spikeri Bred Vilson və ştatın paytaxtı Solt Leyk Siti şəhərinin meri Erin Mendenhol ilə görüşlər keçirərək onları Azərbaycanın qədim tolerantlıq ənənələri və multikulturalizm modeli haqqında ətraflı məlumatlandırıb.