Hər kəs bu dünyaya bir missiya ilə gəlir. Təəssüf ki, ağlı kəsən zaman ilahi səs hər kəsin qulağına pıçıldayıb ona yol göstərmir. Bəlkə də pıçıldayır, amma yeniyetmə maksimalizmi, xəyalı gerçəklik kimi qəbul etmək istəyi çoxuna mane olur. Beləcə, zaman keçdikcə məlum olur ki, kimlərsə öz yerində deyil.

Tariyel Vəliyev yerində olan adam idi... Təəssüf ki, onun yaradıcılığının təsadüf etdiyi dövrlərdə televiziyada teletamaşaların, proqramların anonsunu vermək, onların yaradıcı heyətini iş prosesində, çəkiliş zamanı göstərmək, onlar barədə mətbuatda yazı yazmaq dəb deyildi. Bu üzdən də milli televiziyamızın inkişafında can qoymuş, bu sahəyə ömür həsr eləmiş, amma adı bəzən heç titrlərə də yazılmamış neçə insanı layiq olduğu qədər tanıya bilmədik.
Fevralın 24-də onsuz gələn növbəti ad günü şərəfinə keçirilən tədbirə yığışmış hər kəs onu xoş xatirələrlə, ən yaxşı sözlərlə xatırladı. Dövlət Film Fondunda Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçirilən xatirə gecəsində Tariyel Vəliyev sənətinə və şəxsiyyətinə işıq salındı.
Gecəni Əməkdar incəsənət xadimi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev açaraq Tariyel Vəliyevi öz işinin mahir bilicisi, Azərbaycan televiziya rejissorluğunda ilk dəfə çoxseriyalı televiziya tamaşası çəkmiş sənətkar kimi dəyərləndirdi.
Əməkdar incəsənət xadimi, telerejissor Məhərrəm Bədirzadə hələ 1967-ci ildə respublika radiosunda işlədiyi zamandan Tariyel müəllimlə başlayan dostluğundan, onunla birlikdə bayram proqramlarının çəkilişlərində çalışdığı günlərdən danışdı.
Xalq artisti İlham Namiq Kamal mərhum sənətkarın Mədəniyyət və İncəsənət Universitetində televiziya rejissorluğundan dərs dediyi zamanlarda tələbələrinə bəslədiyi qayğısını xatırladı. Rejissorla uzun müddət birgə çalışmış teleaparıcı Nərgiz Cəlilova Tariyel müəllimin öz iş yoldaşlarına diqqət və sayğısını unutmadığını dedi.
Xalq artisti Ramiz Həsənoğlu isə hələ təcrübəsi olmayan iki gənc rejissorun - Tariyel Vəliyevlə özünün ilk birgə işi - «Ötən ilin son gecəsi» tamaşası ilə başlayan uğurlu yaradıcılıq tandemini yada saldı. Xalq artisti Azad Şükürov Tariyel müəllimin onun ifasında bəyəndiyi şeiri ifa etməklə görkəmli rejissorun ruhunu şad etdi.
Xatirə gecəsinin təşkilatçıları belə qərara gəlmişdilər ki, rejissorun quruluş verdiyi tamaşalardan fraqmentlər göstərmək əvəzinə onun tələbəsi Tural Rəcəbovun 2009-cu ildə kurs işi kimi lentə aldığı «Kadr arxasında qalan rejissor» sənədli filmi nümayiş etdirilsin.
Filmin nümayişindən sonra Tariyel Vəliyevin oğlu, televiziya rejissoru Vüqar Vəliyev ailə üzvləri adından tədbirin təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirdi.
Hər zaman özünü kadr arxasında görüb, amma öz tamaşa və proqramlarında ən yaxşı kadrı seçərək tamaşaçıya təqdim etmiş Tariyel Vəliyevin rejissoru olduğu “Səni axtarıram”, «Bağışla» və «Səndən xəbərsiz» trilogiyası, «Məhəbbət macərası», «Pəncərədə işıq», «Duel” və digər ekran yadigarları, aradan illər ötsə də, bütün nəsil seyrçilərin sevimli tamaşası olaraq qalacaq.

G.Mirməmməd