Dirijor Elşad Bağırov: “Dünya klassikasının Bakıda səslənməyən əsərlərinə müraciət etmək lazımdır”

“İnsan kiçik yaşlarında musiqinin nə olduğunu dərindən dərk edə bilmir. Bəzi uşaqlar virtuoz olur, bəziləri istedadlı olsa da, ifaçılığı davam etdirmir. Bəzən musiqi fəaliyyətimə dönüb nəzər salanda “kaş...” dediyim məqamlar da olur. Hər gün özümə hesabat verən insanam”.

Bu fikirləri tanınmış dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırov deyir. O, atası – görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zakir Bağırovun təkidi ilə musiqi sahəsinə gəlib. SSRİ Mədəniyyət Nazirliyinin xətti ilə Türkiyəyə göndərilib, qardaş ölkədə yaşayıb fəaliyyət göstərib. Mövsüm ərzində 3-4 əsər tamaşaya qoyub. Azərbaycan bəstəkarlarının da bir sıra əsərləri onun musiqi quruluşunda Türkiyə sənətsevərlərinə çatdırılıb.

Maestro ilə müsahibəmizdə keçmişə boylandıq, onun sənət haqqında düşüncələrini öyrəndik. 

 

–  Elşad müəllim, ilk olaraq müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. Mətbuata münasibətiniz necədir?

– Mən Bakıya gələndə həmişə bir neçə konsertim olur. Bununla bağlı da qısa məlumatlar dərc edilir. Bu bəs edir, məncə. Bəzən sənətdən kənar elə mövzularda suallar verirlər ki... O səbəbdən də KİV-də az görünürəm.

 

– 30 ildən artıqdır ki, Türkiyədə çalışırsınız...

– Harada yaşamaq, yaxud harada fəaliyyət göstərməyin, məncə, elə də bir təfavütü yoxdur. Mən azərbaycanlıyam və Azərbaycan incəsənətinə xidmət göstərirəm. Bu günə kimi Türkiyədə 35 tamaşamın premyerası olub.

 

– Azərbaycan və Türkiyədə sənətə baxış nə ilə fərqlənir?

– Türkiyənin də musiqi sahəsində böyük tarixi var. Hər il keçirilən İstanbul Opera Festivalı Motsartın məşhur “Saraydan qız qaçırma” operası ilə başlanır. Almaniyadan hər il bu festivala tanınmış musiqiçilər qatılır. Bundan əlavə, hələ Osmanlı dövründə onların klassik musiqi baxışları geniş olub. Donisettinin Osmanlı sarayı ilə əlaqələri olub. F.List hər il gəlib sarayda konsertlər verirmiş. Motsartın “Türk marşı”nı da bu faktlara əlavə edə bilərik. Yəni bu məşhur adların türk musiqi tarixində izi var. Vaxtilə Avstriya bəstəkarı Arnold Şönberq və macar bəstəkarı Bela Bartok İstanbulda dərs deyib. Onların da türk klassik musiqisinin alman məktəbinə yaxınlaşmasında rolları olub. Adnan Sayqunun da türk musiqisinin inkişafında xidmətləri var. Bu gün bir az bu münasibət qopmuş görsənir. Amma onların klassik musiqi baxışlarının tarixi dərin qatlara söykənir. Hazırda Türkiyədə səkkiz opera teatrı, təkcə İstanbulda 3-4 dövlət konservatoriyası fəaliyyət göstərir. Bu, Türkiyənin üzdən görünən mədəni mənzərəsidir...

 

– Azərbaycanda ildə bir neçə dəfə konsert verirsiniz. Tamaşaçıların münasibəti sizi qane edirmi?

– Fevralın 16-da gerçəkləşən konsertimiz böyük uğurla keçdi. Zal dolu idi. İnsanlar bilet alaraq klassik musiqi konsertinə gəlirlərsə, bu alqışlanmalıdır. Son konsertdən görünür ki, həm maraq, həm də tələbat var.

 

– Konsert zamanı dirijor pultu arxasında tamaşaçıların emosiyalarını və təəssüratlarını hiss edə bilirsinizmi?

– Düzünü deyim ki, bütün fikrim proqramda olur. Musiqi bitəndən sonra başa düşürəm ki, anlada bildim, yoxsa yox.

 

– Amma bəzən dirijorlar deyir ki, zalı görməsək də, hiss edirik...

– Mən konserti idarə edəndə yalnız musiqini düşünürəm.

 

– Siz dirijorluğa skripka ifaçılığından gəlmisiniz. Skripkaya qayıtmaq arzunuz yaranırmı heç?

– Bir neçə dəfə olmuşdu. Amma skripkamı əlimə alanda gördüm ki, çox zaman keçib və onun məsuliyyətindən qorxdum. Yəni əllərim artıq yadırğayıb.

 

– Amma nə vaxtsa konsert vermək arzunuz varmı?

– Doğrusu, sualınızdan Haydının “Vida” simfoniyasındakı səhnəni xatırladım. Səhnəni hamı tərk edir, dirijorla skripka ifaçısı qalır, ifaçı gedəndən sonra dirijor skripkanı əlinə alır...

 

– Sadəcə, ikihissəli konsertin birində dirijor, digərində solo skripka ilə çıxışınızı nəzərdə tuturdum.

– Bu ideyanız bir az sehr kimi gəldi mənə. Bu günə kimi heç kim mənə bu ideyanı deməmişdi. Bu layihəni həyata keçirməyim üçün azı iki il əlavə məşqlərə ehtiyacım olacaq.

 

– İki il?

– Bəli. Skripka gündə ən azı 4-5 saat vaxt istəyir. Bir-iki gün biganə qalsanız, onu bir aya uyğunlaşdıra bilərsiniz. Çox incə və çətin alətdir.

 

– Siz Moskvada – Böyük Teatrda da çalışmısınız. Bir qədər də həmin illərə qayıdaq...

– Moskvada dirijorluq üzrə təhsil alan tələbələrlə tanış oldum. Onlar məndə bu sahəyə maraq oyatdılar. Amma daha əvvəllər də bu peşə xoşuma gəlirdi. Axı mən dahi dirijor Niyazinin rəhbərliyi altında ifa etmiş və onun sənətinin sehrinə düşmüşdüm. Sonra Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının Opera və simfonik dirijorluğu fakültəsində Latviyadan olan tanınmış dirijor və skripkaçı, SSRİ Xalq artisti Arvid Yansonsun sinfinə daxil oldum. Bu, möhtəşəm bir məktəb idi. Daha sonra bu konservatoriyanın təyinatı ilə Moskvaya getdim və Böyük Teatrda 4 il çalışdım. Qurultaylar Sarayında tamaşalar və konsertlər zamanı dirijorluq edirdim. Bununla yanaşı, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik orkestri ilə “Nizami” filminin dirijoru olmuşam. Bizim “Bəyin oğurlanması”, Türkmənistanın “Əsir” və  s. filmlərin musiqisi kinolentə yazılan zaman orkestrə dirijorluq etmişəm.

 

– Gələk hazırkı fəaliyyətinizə...

– Operadan bir az uzaqlaşmışam. Təqaüdə çıxandan sonra müqavilə ilə 5-6 əsərə quruluş vermişəm. İndi bir qədər də konsert fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Fəaliyyətim Türkiyə ilə məhdudlaşmır. Ötən il Meksikada “Jizel” baletini səsləndirdik. Orkestr və balet Meksika heyətindən, xoreoqraf isə Rusiyadan dəvət olunmuşdu.

 

–  Sizinlə əvvəlki qısa müsahibəmizdə vurğulamışdınız ki, öz ənənəniz var – Bakıda daha öncə heç səslənməyən əsərlərə müraciət edirsiniz...

– Bəli. Məqsədim Bakıda gözəl əsərlərin səslənməsidir. Son konsertdə iki yeni əsər təqdim edildi. Mendelsonun “İkili konsert”i və E.Qriqin “Lirik süita”sı. Düşünürəm ki, dünya klassikasının Bakıda səslənməyən əsərlərinə müraciət etmək lazımdır.

 

– Ən çox əməkdaşlıq etdiyiniz orkestr hansıdır?

– Simfonik orkestrlə yanaşı, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə də çalışmışam. 10 il əvvəl Akademik Opera və Balet Teatrında “Yeddi gözəl” əsərinə də dirijorluq etdim.

 

– Öz bəstələriniz varmı?

– Yox. Musiqi bəstələmək – bu, Allah vergisi olmalıdır. Bəzən məşqlər zamanı hansısa düzəlişlər edə bilərəm...

 

– Bəs hobbiniz nədir?

– Kiçik yaşlarımdan avtomobil həvəskarıyam.

 

– Hər bir insanın qəlbinin öz melodiyası var, deyirlər. Ən çox sevdiyiniz müəllif kimdir?

– Mənim üçün ən sevimli bəstəkar həmin gün əsərini ifa etdiyim müəllifdir. Leninqradda təhsil alanda düşünmürdüm ki, nə vaxtsa Çaykovskiyə müraciət edərəm. Elə oldu ki, onun 5 əsərinə – “Yevgeni Onegin”, “Qaratoxmaq qadın”, “Qu gölü”, “Şelkunçik”, “Yatmış gözəl” əsərlərinə sevərək dirijorluq etdim. Bəzən ağlından keçmir ki, sən hansısa müəllifi sevə bilərsən. Bu mənada insanın yaşadığı an böyük rol oynayır.

 

– Klassik musiqinin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

– Bu gün bizim orkestrlərimiz fəaliyyət göstərir. İnsanlar zövqlərindən asılı olaraq müasir musiqi, barokko və digər janrlarda konsertlərə gəlirlər. Digər tərəfdən gənclərimiz də filarmoniyadakı konsertlərə gəlirlər. Həm Azərbaycanda, həm də dünyada musiqimizi təmsil edən gənc ifaçılar var. Bu, gözəl bir mənzərədir. Musiqimizin gələcəyi gənclərə bağlıdır.

 

– Maraqlı müsahibəyə görə sağ olun.

Lalə AZƏRİ