Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2016-cı il tarixli fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə bəzi dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, kino və videofilmlərin Filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan Respublikası ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə nəzərdə tutulur. Müvafiq qanunvericiliyə uyğun olaraq ölkə ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və Filmlərin Dövlət Reyestrinə daxil edilməlidir.

Bununla bağlı mətbuatda və sosial şəbəkələrdə bəzi mübahisəli fikirlər meydana çıxıb. Bu məqamlara aydınlıq gətirmək məqsədilə fevralın 24-də Nizami Kino Mərkəzinin konfrans zalında media nümayəndələri üçün brifinq keçirildi.
Nazirliyin Kinematoqrafiya şöbəsinin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov bildirdi ki, filmlərin qeydə alınması prosesi 2006-cı ildən başlayıb: “Bu vaxta qədər nazirlikdə 12 minə yaxın film qeydə alınıb. Əvvəllər bütün distributorlar bu qərara həssaslıqla yanaşırdı. Amma sonra bu məsələyə önəm verilmədi. Ona görə də nazirlik qəti addım atmağa məcbur oldu. Bu qərar həm də filmlərin kinoteatrda tərcümə ilə nümayişinə səbəb olacaq. Bununla bağlı kinoteatrlara aprelin 15-nə kimi vaxt vermişik. Bundan sonra dövlət reyestrindən keçməyən filmlər kinoteatrlara yol ala bilməyəcək”.
Sektor müdiri əlavə etdi ki, qadağalara əsasən, Azərbaycana gətirilən filmlərin yaş kateqoriyası müəyyən ediləcək. Bundan əlavə, zorakılıq və pornoqrafiyanı təbliğ edən filmlərə qadağa qoyulub. Azərbaycana xarici filmləri gətirən bütün distributor şirkətlərinə vaxt verilib ki, filmlərin tərcüməsi ilə bağlı bütün məsələlər həll olunsun. Yəni Azərbaycan dilində alt yazısı olmayan film heç bir Azərbaycan kinoteatrında nümayiş etdirilə bilməz. Qaydalara riayət etməyənlər 2 min manat cərimə olunacaqlar. Azərbaycana gətirilən film ölkə ərazisində yayımlanmaq üçün yayım vəsiqəsi alır. Bundan sonra hər hansı başqa şirkət bu filmi nümayiş etdirmək istəsə, onun üçün əlavə vəsiqəyə ehtiyac olmayacaq. Yeni qaydaya əsasən, subtitri olmayan filmlər qeydiyyatdan keçməyəcək. Yaxın zamanlarda reyestr proqramı internetə çıxarılacaq və istənilən vətəndaş maraqlandığı filmin qeydiyyatdan keçib-keçmədiyi haqda məlumat əldə edəcək.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov Hesablama Palatasının kino sahəsində fəaliyyətlə bağlı Milli Məclisə təkliflər paketi təqdim etməsinə münasibət bildirdi. İrəli sürülən təklifləri təqdirəlayiq hesab edən direktor qeyd etdi ki, burada rejissorların, ssenaristlərin qonorar məsələləri barədə məlumat yer alır: “Bizdə rejissorlara, ssenaristlərə ödənilən qonorar dünyada qəbul edilmiş qonorar həcmində deyil. Hesablama Palatasının bu məsələni qaldırması çox yerində atılan addımdır. Biz yaxın gələcəkdə qəbul edilməsi gözlənilən kino haqqında qanunda yer alan normativ sənədlər bölməsində bu təkliflərdən istifadə edəcəyik”.
Ekran əsərlərinin qeydiyyatı məsələsinə də toxunan M.Hətəmov bildirdi ki, tamaşaçıların keyfiyyətli filmlərə baxmasına və hüquqların düzgün bölünməsinə dəstək olacaq.
Sonda KİV nümayəndələrinin sualları cavablandırıldı.

Lalə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar