14 il davam edən bərpadan sonra ziyarət üçün açılıb
Misirin məşhur Coser ehramı 14 il davam edən bərpa işlərindən sonra yenidən turistlərin üzünə açılıb.
Günümüzədək gəlib çatan ən qədim daş tikilinin yeni görkəmdə təqdimatı mərasimində Misirin Baş Naziri Mustafa Madbuli iştirak edib.
Bərpa işləri zamanı ən müasir elmi metodlardan istifadə olunub, prosesdə tanınmış arxeoloqlar iştirak ediblər. Ehramın fasadı, içərisindəki divarlar, daxili hissəsinə aparan daş pillələr, dəhlizlər və sarkofaqlar əsaslı təmir edilib.
Ehramda bərpa işlərinə 2006-cı ildə başlanılıb, divarların uçması təhlükəsi ilə əlaqədar UNESCO-nun təkidindən sonra 2011-ci ildə müvəqqəti dayandırılıb. 2013-cü ildən bərpa prosesi davam etdirilib, həmçinin ətraf ərazi və yollar abadlaşdırılıb.
Misirdə doqquz ən hündür ehramdan biri sayılan qədim tikili eramızdan əvvəl təqribən 2650-ci ildə firon Coserin şərəfinə tikdirilib. Burada onun bütün ailə üzvləri də dəfn edilib.
CAVİD