16 aprel – 9 may tarixlərində Rusiyada “Qələbəyə 23 gün” adlı teatr festivalı keçiriləcək. Rusiya Mərkəzi Akademik Ordu Teatrının təşəbbüsü və Rusiya Teatr Xadimləri İttifaqının dəstəyi ilə keçiriləcək festival Böyük Vətən müharibəsinin başa çatması və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur. Festival çərçivəsində teatrlar öz səhnələrində Böyük Vətən müharibəsinə həsr olunmuş tamaşaları oynayacaqlar.
Niyə məhz 23 gün və 16 aprel? Ona görə ki, sovet ordusunun müharibədə son hücum əməliyyatı (Berlinin alınması) 1945-ci il aprelin 16-da başlanıb və 23 gün sonra müharibə başa çatıb.
Martın 10-dək festivalda iştirak etmək barədə razılığını bildirmiş iştirakçı teatrlara sənət bayramının loqotipi – “Qələbəyə 23 gün qalmış” ulduz – xatirə nişanı göndəriləcək və bütün tamaşaların adları vahid festival afişasına daxil ediləcək.
Festivalın açılışı 16 apreldə Moskvada, Rusiya Mərkəzi Akademik Ordu Teatrının qarşısındakı meydanda keçiriləcək. Festival mayın 9-da elə həmin məkanda böyük konsert proqramı ilə başa çatacaq.
GÜLCAHAN