Budapeştdəki “Azərbaycan evi”ndə ilk rəsm sərgisi
Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən “Azərbaycan evi”ndə bu ölkədə təhsil alan gənc rəssam Fatimə Qurbanzadənin fərdi sərgisi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “O öz qanadları ilə uçur” (“Alis Volat Propriis”) adlı layihənin təqdimatında ölkəmizin Macarıstandakı səfirliyinin birinci katibi Emil Rəhimov, “Qardaşlıq” Macar-Azəri Cəmiyyətinin sədri, Macarıstandakı Azərbaycan diasporunun rəhbəri Ramiz Əmirli və digər qonaqlar iştirak ediblər.
Sərgidə nümayiş etdirilən rəsm əsərlərində qadın azadlığı, qadının ailədə rolu və başqa dəyərlər əksini tapıb.
Xatırladaq ki, Budapeştdəki “Azərbaycan evi” Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ötən ilin sonunda fəaliyyətə başlayıb.