İtaliya Çindən sonra dünyada koronavirusdan ən çox ölümün (10 mart tarixinə 500-ə yaxın ölüm faktı) qeydə alındığı ikinci ölkədir. Ötən həftə ölkənin əsasən şimal vilayətləri, martın 10-dan isə bütün ölkə üzrə fövqəladə karantin rejimi elan olunub. Bu barədə İtaliyanın Baş naziri Cüzeppe Konti xüsusi qərar imzalayıb.

Qərara əsasən, ölkə üzrə sərnişin və nəqliyyatın hərəkətinə yalnız təcili və təxirəsalınmaz hallar olduqda icazə verilir.

Virusun ən çox yayıldığı yerlər ölkənin məşhur turistik bölgələri – Lombardiya və Veneto vilayətləridir.

İtaliya hökuməti martın 8-dən koronavirus yayılan şimal bölgəsindəki bütün ictimai-iaşə, xidmət və istirahət məkanlarının bağlanması barədə göstəriş verib. Şimaldakı kinoteatrlar, teatrlar, muzeylər, bar və restoranlar, məktəblər, əyləncə məkanları ən azı aprelədək bağlı olacaq. Habelə bütün idman yarışları təxirə salınıb. İtaliyada yerli bələdiyyə seçkiləri də mayın 10-dək ertələnib.

Bu böhranda çox zərər görən sahələrdən biri də mülki aviasiyadır. “Alitalia” aviaşirkəti Milanın Malpenza aeroportundan bütün uçuşlarını dayandırıb. Son uçuş martın 9-da Nyu-Yorka olub. Eyni addımı “Easyjet” şirkəti də atıb və İtaliyanın şimal bölgələrinə uçuşları ən azı 3 aprelə qədər dayandırıb. Bu hal Romanın Fiumiçini aeroportunda da müşahidə olunur.

CAVİD