“Çəkiliş zamanı sanki hadisələr real yaşanırdı”
Xəbər verdiyimiz kimi, martın 9-dan Rusiyanın “Birinci kanal”ı (1TV) çoxdan gözlənilən premyeranın – “Maqomayev” bədii serialının nümayişinə başlayıb.
Televiziya serialı dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) həyat və sənət yolu haqqındadır.
Rejissorlar Dmitri Tyurin və Roman Prıqunovun quruluş verdikləri ekran əsərində Maqomayevi serbiyalı aktyor Miloş Bikoviç canlandırır. Maqomayevin həyat yoldaşı – opera müğənnisi Tamara Sinyavskaya rolunda rusiyalı aktrisa, “Miss Rusiya 2010” müsabiqəsinin qalibi İrina Antonenko çəkilib.
Filmin məsləhətçisi SSRİ Xalq artisti Tamara Sinyavskayadır. Çəkilişlərinin bir qisminin Bakıda aparıldığı serialda azərbaycanlı aktyorlar da rol alıb.
Filmdə hadisələr 1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərində cərəyan edir. Atasının müharibədə həlak olmasından sonra Müslümü əmisi Camal böyüdüb boya-başa çatdırır. Filmdə Maqomayevin əmisinin obrazını Azərbaycanın Xalq artisti Rasim Balayev canlandırıb.
Rasim Balayev filmlə ilə bağlı təəssüratlarını bölüşərkən bildirib ki, onun iştirakı ilə olan çəkilişlər Bakı və Moskva şəhərlərində lentə alınıb: “Düzü, mən bu filmə dəvət alanda özümü o qədər də yaxşı hiss etmirdim, səhhətimdə problem vardı. Amma məmnunluqla razılıq verdim. Çünki ekran əsəri xalqımızın fəxri Müslüm Maqomayevə həsr olunmuşdu. Bilirsiniz ki, Müslümün əmisi Camal Maqomayev çox hörmətli şəxsiyyət kimi tanınmışdır. O, yüksək dövlət vəzifələrində çalışmışdı və hər zaman insanlara yardım edən biri idi. Camal Maqomayevin həyatı ilə maraqlananda öyrəndim ki, o, Müslümün Moskvada ilk konsertindən başlayaraq bütün konsertlərinin tamaşaçısı olub, hər zaman Müslümü dəstəkləyib. Bu səbəbdən də obrazı yaratmaq böyük məsuliyyət tələb edirdi. Filmin bütün çəkiliş heyəti ekran əsərinə böyük sevgi ilə yanaşırdı. Ən gözəl qiymət tamaşaçı rəyidir. İnanıram ki, Müslüm Maqomayevin xatirəsinə gözəl töhfə olan serial bəyəniləcək”.
Filmdə epizodik rolda çəkilən Əməkdar artist Faiq Mirzəyev deyib: “Filmdə Polşanın Sopot şəhərində keçirilən festivalın münsiflər heyətinin üzvünü oynayıram. Kiçik, amma məsuliyyətli obrazdır. Ona görə ki, festivalın qaliblərinin adını elan edərkən təmiz polyak dilində çıxış etməli idim. Bunun üçün mənə bir həftə vaxt verilmişdi. Həm mətni əzbərləməli, həm də düzgün tələffüz etmək lazım idi. Polşadakı dostlarıma müraciət etdim. Bakıda çəkiliş zamanı rejissor Oleq Asadulin mənim təmiz nitqimdən məmnun oldu. Bilirsiniz ki, Müslüm və Tamara rollarının ifaçılarını Tamara Sinyavskaya özü seçib. Çəkiliş meydançasında əsl 60-70-ci illər atmosferi var idi və geyimlər, kütləvi səhnələr ustalıqla həll edilib. Kütləvi səhnədə 500-dən çox insan çəkilirdi. Mən səhnədən festivalın qalibi Müslüm Maqomayevi elan edəndə yaşanan hissləri ifadə edə bilmirəm. Sənətkara sevginin qüdrətindən idi ki, sanki hadisələr real yaşanırdı. İnsanların sevgisi sonsuz idi. Serialda rol aldığım üçün özümü şanslı hesab edirəm”.
1969-cu ildə Sopotda keçirilən beynəlxalq mahnı festivalında ilk mükafatını aldıqdan sonra M.Maqomayev Fransada “Olimpiya” konsert zalında çıxış üçün dəvət edilir. Serialda fransız obrazını teleaparıcı və aktyor Tural Əsədov canlandırır. O deyir ki, Miloş Bikoviçlə bir filmdə rol almaq xoş idi: “Üstəlik, bu film fəxrimiz Müslüm Maqomayevə həsr edilibsə. Aktyorun Müslüm Maqomayevə oxşarlığı böyük təəccüb yaradırdı. Onu da qeyd edim ki, Bakıdakı çəkilişlərdən sonra aktyor mənə Vaqif Mustafazadənin yaradıcılığı ilə bağlı məlumatları, eləcə də ifalarını ona yollamağımı xahiş etdi. O, Azərbaycan musiqisinə yaxından bələd olmaq istəyirdi”.
Əməkdar artist Elman Rəfiyev Maqomayevin əmisi oğlu Kamal obrazı ilə ekranda görünür. Kamal Parisdə yaşayır. Aktyor deyir ki, Parislə bağlı çəkilişlər Bakıda reallaşıb: “Bu mənim beynəlxalq layihədə ilk iştirakım idi. Rejissor heyət seçimi zamanı ilk baxışda məni təsdiqlədi və bu da çox xoş oldu. Çəkiliş komandasının işindən çox razı qaldım. Bütün kostyum və qrim ustaları peşəkarlardan ibarət idi. Onlar hətta obrazı təxmin edərək bütün kostyumları hər aktyorun öz ölçüsündə Bakıya gətirmişdilər. Müslüm rolunun ifaçısı Miloş Bikoviçlə tanışlıqdan da məmnun oldum. Biz onunla xeyli söhbət etdik. O, Bakı və Azərbaycan, bizim adət və ənənələrimiz, mədəniyyətimizlə maraqlanırdı”.
Elman Rəfiyev filmin çəkilişlərində bir üzücü hadisənin yaşandığını təəssüflə qeyd etdi. Dedi ki, Dövlət Akademik Opera və Balet Teatrının qarşısında gecə çəkilişi zamanı rejissor köməkçisi Yelena Vlasovanın ayağı sındı. Buna baxmayaraq o, çəkilişi aktiv idarə edə bilirdi.
Qeyd edək ki, filmdə epizodik rollarda Əməkdar artist Salman Bayramov, yazıçı Aleksandr Hakimov və aktyor Ruslan Sabirli də çəkilib.
Lalə AZƏRİ