Abşeron yarımadasının ən gözəl yaşıllıq guşələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun Dendroloji parkıdır. Bu günlərdə Xəzər rayonunun Mərdəkan qəsəbəsində (S.Yesenin küçəsi 89) yerləşən parkla tanış olduq.

Bakının bu gəzməli-görməli guşəsinin maraqlı tarixi var. Əvvəla, bu sözün mənası haqqında. Yunancadan tərcümədə “dendron” – ağac və “loqos” – öyrənmək deməkdir. Mərdəkan dendrarisi 1895-1920-ci illərdə milyonçu Murtuza Muxtarovun şəxsi bağı olub. M.Muxtarov Avropaya, o cümlədən İtaliyanın Venesiya şəhərinə səyahətdən sonra orada həyat yoldaşı ilə görüb valeh olduğu arxitekturaya uyğun Bakıda bir neçə bina tikdirib. Onlardan ən möhtəşəmi “Səadət sarayı” kimi tanınan binadır. Muxtarov Mərdəkandakı bağında da gözəl bir saray tikdirir. Amma bu məkanı xüsusilə məşhur edən buradakı ekzotik bitkilər, ağac və güllərdir.

Dendroloji parkın torpaq örtüyü əvvəllər 20-40 sm dərinlikdə əhəngli çöküntülərdən ibarət olduğundan ağac və güllər əkmək üçün əlverişli deyildi. Buna görə də Muxtarov Lənkəran zonasından buraya yüzlərlə kubmetr münbit qara torpaq gətirtmişdi.

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra milyonçunun bağı müsadirə edilib və bir müddət baxımsız qalıb. Görkəmli rus botaniki, akademik N.İ.Vavilovun təşəbbüsü ilə 1926-1945-ci illərdə bağın iqlim, torpaq, əkin üçün yararlı xüsusiyyətləri nəzərə alınaraq burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialı təşkil edilib. 1945-1964-cü illərdə bu məkan Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutunun təcrübə bazası kimi fəaliyyət göstərib. 1964-1966-cı illərdə respublika Səhiyyə Nazirliyinin nəzdində olan park daha sonra Azərbaycan SSR Elmlər Akademiyasının Botanika İnstitutuna verilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 15 aprel tarixli qərarına əsasən, Mərdəkan Dendrarisi AMEA-nın Dendrologiya İnstitutu adlandırılıb. Hazırda institutda 5 şöbə, 9 laboratoriya və 1 istehsal qrupu fəaliyyət göstərir. Dendrologiya İnstitutu Dünya Botanika Bağlarının üzvüdür. Müxtəlif ölkələrin 100-dən çox botanika bağı ilə əməkdaşlıq edir.

***

Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva deyir ki, canlı kolleksiyada təxminən 1800 növ forma və sort var. Bağda yüzlərlə ağac növü, 600 növ mədəni bitkilər, 700 növə yaxın isə dekorativ və oranjereya bitkiləri toplanılıb. Burada bir çox nadir bitki nümunələrini görmək mümkündür.

Mərdəkan dendrarisi bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyalarından hesab olunur. Müsahibimizin sözlərinə görə, antropogen təsirlər nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi sahə ayrılıb. “Azərbaycanın qırmızı kitabı”na daxil olan 141 növ ağac növündən 69-u bu bağda yetişdirilir.

Dendrologiyanı landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar. 12,5 hektar ərazisi olan bağın 8 hektarında müxtəlif bitki kolleksiyası yerləşir. Qalan sahəni isə xiyabanlar, istixanalar, çarhovuzlar, laboratoriya binaları və digər qurğular tutur. Dendraridə təbii bitkilərin ekspozisiyalarının yerləşdiyi səkkiz ekspozisiya – Şərqi Asiya, Orta Asiya, Şimali Amerika, Cənubi Amerika, Aralıq dənizi ölkələri, Avstraliya və Yeni Zelandiya, Afrika və Qafqaz floraları botaniki-coğrafi ekspozisiyaları fəaliyyət göstərir. Burada dünya florasından 380 qızılgül, 9 nərgiz, 25 zanbaq, 6 süsən, 15-dən çox lalə növü və digər müxtəlif gül-bəzək kolleksiyaları da toplanıb.

Bağın ərazisində N.İ.Vavilovun Botanika muzeyi, görkəmli rus şairi Sergey Yeseninin ev-muzeyi və bəzi Azərbaycan filmlərinin müxtəlif səhnələrinin çəkildiyi, bir əsr yaşı olan italyan qotikası üslubunda tikilmiş Muxtarovun keçmiş sarayı da var.

Ərazidə həmçinin elmi müzakirələrin aparılması üçün xüsusi konfrans zalı və qonaqların yerləşdirilməsi üçün çox da böyük olmayan mehmanxana fəaliyyət göstərir. Burada bir neçə hovuzla yanaşı 6 süni şəlalə də inşa edilib ki, bu da bağın ümumi kompozisiyasına xüsusi gözəllik verir.

Şöbə müdiri bildirdi ki, institut tərəfindən “Azərbaycan dendroflorası” çoxcildliyi, “Otaq bitkiləri ensiklopediyası”, “Gülçülük ensiklopediyası”, “Ekologiya” dərs vəsaiti və s. kitablar nəşr olunub.

Son illərdə bağda yenidənqurma, abadlaşdırma işləri aparılıb və növ zənginliyini bərpa etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən 700-ə yaxın yeni bitki növü gətirilib.

Həmsöhbətimiz sonda vurğuladı ki, ölkəmizdən və xaricdən bağı ziyarət edənlər çox olur. AMEA-nın işçiləri, müharibə və əmək veteranları, kimsəsiz uşaqlar, internat məktəblərinin şagirdləri və 5 yaşadək uşaqlar ödənişdən azaddırlar. 5-9 yaşadək 1 manat, böyüklər üçün 2 manat, xarici vətəndaşlar üçün isə 5 manat ödəniş tələb olunur. Ekzotik ağac və güllərin yaratdığı əsrarəngiz məkan bura gələn hər kəsdə xoş ovqat doğurur.

Nurəddin MƏMMƏDLİ