Bu yaxınlarda Ankarada işıq üzü görən “Quşlar oxudu, uşaqlar dinlədi” (Meral Aydın, “Kuşlar söyledi, çocuklar dinledi’’, “US Yayınları” nəşriyyatı) nağıllar və hekayələr kitabında yer alan illüstrasiyalar Cənubi Azərbaycanın Urmiya şəhərindən olan gənc rəssam xanım Türnaz Altınsoya məxsusdur.

Türk folkloru, xalq sənəti araşdırmaçısı, rəssam və yazar Türnaz Altınsoy bu barədə deyib: “Mən sənətçi ailəsində dünyaya gəlmişəm. Bəlkə buna görədir ki, uşaqlıqdan rəssamlıqla iç-içə olmuş, özümü yalnız rənglər aləminin içində görmüşəm. Elə buna görə də ilk universitet təhsilimi miniatür sənəti üzrə aldım.  2009-cu ildə Türkiyəyə gələrək Ankara Hacettepe Universitetində türk xalq sənəti üzrə bakalavr və magistratura təhsili aldım”.

Ümumtürk xalq ədəbiyyatı, folklor və mifologiyasını dərindən öyrənməklə məşğul olan Türnaz Altınsoy təxəyyülündən ilham alaraq nağıl kitabları üçün xarakterlər yaradıb, oxucuları rənglər dünyasına aparır.

“Akçağ” nəşriyyatında çap olunan Mehrap İnanın “Evvel zamana, sen masala” (2018) kitabının da şəkil dizaynlarını edən rəssam, bundan başqa, öz xəyal dünyasından ilhamlanaraq yazdığı hekayələrə də rəsmlər çəkir və onları bir kitab halında oxucularına təqdim etmək niyyətindədir.

Mehparə SULTANOVA
Ankara