Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq olunan sosial izolyasiya və karantin tədbirləri ilə bağlı fəaliyyətini müvəqqəti dayandıran mədəniyyət müəssisələri elektron (onlayn) şəkildə müxtəlif layihələr həyata keçirirlər.

Məlum olduğu kimi, 2020-ci il martın 11-dən Azərbaycan Milli Kitabxanasında oxuculara xidmət müvəqqəti dayandırılıb. Lakin onlayn formatda oxuculara kitabxana-informasiya xidməti davam edir. Kitabxananın onlayn xidmətlərinin fəaliyyəti əməkdaşlar tərəfindən gücləndirilib və bu barədə oxuculara məlumat verilib.

Milli Kitabxananın aşağıdakı onlayn xidmətləri oxucular üçün aktivdir: Biblioqrafik sorğu; Sənədlərin sifarişi və elektron çatdırılması; Virtual sərgi; Metodiki xidmət (kitabxanalar üçün).

Milli Kitabxana istifadəçiləri onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. Milli Kitabxananın virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq minlərlə elektron resursdan istifadə edə bilərlər.

***

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının internet ünvanına (www.clb.az) daxil olmaqla evdə olduğunuz günlərdə müxtəlif nağılları dinləmək, mütaliəni davam etdirmək olar. Oxucular kitabxananın saytından mütaliə üçün elektron kitabları da əldə edə bilərlər.

Respublika Uşaq Kitabxanası bu günlərdə görmə, eşitmə və nitq qabiliyyəti zəif, sağlamlıq imkanları məhdud uşaqları da unutmur. Kitabxana onları  internet ünvanında olan “Bərpanəşr” layihəsi çərçivəsində ərsəyə gəlmiş və jest dilinə tərcümə edilmiş kitablarla tanış olmağa dəvət edir. Bunun üçün kitabxananın saytında “Yeni ədəbiyyat” bölməsinin “Bərpanəşr” hissəsindəki jest dili adlı yeni rubrikaya daxil olmaq lazımdır. 

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da yaranmış vəziyyətə uyğun olaraq onlayn rejimə keçib və oxucularına internet saytı (www.ryl.az), habelə “İnstagram” və “Facebook” səhifələri vasitəsilə xidmət göstərir. Kitabxana Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan www.azlibnet.az elektron resursu vasitəsilə də əlaqəli çalışır. Hər bir istifadəçi www.azlibnet.az saytında kitab yükləməsi ilə bağlı problem yaşadığı təqdirdə kitabxana əməkdaşları elektron poçt vasitəsilə kitabı istifadəçiyə göndərirlər.