Azərbaycan

24 mart 1872 – Yazıçı, dramaturq, publisist, Əməkdar incəsənət xadimi  Məmməd Səid Hacağa oğlu Ordubadi (1872 – 1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.

24 mart 1927 – Teatr rejissoru, Əməkdar incəsənət xadimi Məbud İbrahim oğlu İsmayılzadə (1927 – 17.9.2004) Zərdab rayonunda dünyaya gəlib.

24 mart 1938 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Həsənağa Səttar oğlu Turabov (1938 – 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, teatra rəhbərlik (1987-2001) edib.

 

25 mart 1897 – Teatrşünas, publisist, Əməkdar mədəniyyət işçisi Qulam Məmməd oğlu Məmmədli (1897 – 18.11.1994) Təbrizdə doğulub. “Azərbaycan teatrının salnaməsi”ni yazıb.

25 mart 1905 – Əməkdar artist Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub.

25 mart 1907 – Görkəmli şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 1907 – 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə Türkmənistana sürgün edilib. 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.

25 mart 1933 – Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933 –15.12.1988) Bakıda anadan olub.

 

26 mart 1893 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (1893 – 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub.

26 mart 1902 – Tanınmış xanəndə, Əməkdar artist Yavər Əli qızı Kələntərli (1902 – 5.2.1979) Şamaxıda anadan olub.

26 mart 1910 – SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (1910 – 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Filmlərdə unudulmaz obrazlar yaradıb.

26 mart 1910 – Yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 1910 – 21.9.1970) Şəkidə anadan olub. “Xoşbəxtlər”, “Əliqulu evlənir”, “Nişanlı qız” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.

26 mart 1919 – Əməkdar artist Əminə Abbas qızı Nağıyeva (1919-1977) anadan olub.

26 mart 1926 – Tarixçi alim, AMEA-nın müxbir üzvü Oqtay Əbdülkərim oğlu Əfəndiyev (1926-2013) Bakıda anadan olub.

 

27 mart 1917 – Əməkdar artist, vokalçı Mariya Sergeyevna Titarenko (1917 – 26.9.2002) Moskvada doğulub. Azərbaycanda Akademik Opera və Balet Teatrının solisti olub.

27 mart 1927 – Məşhur violonçel ifaçısı, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviç Rostropoviç (1927 – 27.4.2007) Bakıda doğulub.

27 mart 1928 – Əməkdar mədəniyyət işçisi Hüseyn Həsən oğlu Əhmədov (1928-2016) anadan olub.

27 mart 1937 – Kino rəssamı Fikrət İbrahim oğlu Əhədov (1937 – 2.11.1994) Bakıda anadan olub.

27 mart 1986 – Görkəmli aktyor Səməndər Mənsim oğlu Rzayev (2.1.1945 – 1986) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında unudulmaz obrazlar qalereyası yaradıb.

 

28 mart 1886 – SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov; 1886 – 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

28 mart 1895 – Tanınmış ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə; 1895 – 1.6.1989) Naxçıvan şəhərində doğulub.

28 mart 1896 – Əməkdar artist Əli Fətulla oğlu Şahsabahlı (1896-1973) Tiflisdə doğulub.

28 mart 1924 – Şair, tərcüməçi, Dövlət mükafatı laureatı Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 1924 – 14.3.1992) Şuşada anadan olub.

 

29 mart 1938 – Əməkdar mədəniyyət işçisi, səs operatoru Marat Mikayıl oğlu İsgəndərov (1938 – 19.6.2013) anadan olub.

29 mart 1939 – Yazıçı-dramaturq Süleyman Sani Axundov (3.10.1875 – 1939) vəfat edib. Yazıçının “Qorxulu nağıllar” adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.

29 mart 1946 – Əməkdar artist Nazir Kərim oğlu Əliyev (1946-1997) Lənkəranda anadan olub.

29 mart 1951 – Əməkdar incəsənət xadimi, dirijor Azad Sabir oğlu Əliyev (1951 – 30.3.2014) Bakıda doğulub.

 

30 mart 1908 – Əməkdar incəsənət xadimi, rəssam Şamil bəy Həsən oğlu Qazıyev (1908-1980) İrəvan şəhərində doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam olub.

30 mart 1949 – Xalq artisti, xanəndə Səfa Hüseyn oğlu Qəhrəmanov (1949 – 5.5.2008) Ağcabədi rayonunun Minaxorlu kəndində anadan olub.

 

31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bənzərsiz muğam ifaçısı, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 – 20.4.1944) Şuşada doğulub.

31 mart 1871 – Teatr rejissoru, Xalq artisti Aleksandr Aleksandroviç Tuqanov (1871-1960) Moskvada anadan olub. 1924-cü ildən Azərbaycan Dövlət Akademik Dram, 1937-ci ildən Gənc Tamaşaçılar teatrlarında baş rejissor işləyib.

31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Fərzi oğlu Babayev (1936 – 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub. Filmlərə musiqi yazıb.

31 mart 1948 – Əməkdar rəssam İsmayıl Əsəd oğlu Məmmədov (1948 – 12.12.2016) anadan olub.

 

1 aprel 1905 – Əməkdar incəsənət xadimi, kinooperator Əsgər Cəfər oğlu İsmayılov (1905 – 13.11.1983) Tiflisdə doğulub.

1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 – 7.5.1968) anadan olub. Radio və Televiziya Verilişləri Komitəsinin sədri (1964-1968) işləyib.

1 aprel 1929 – Məşhur xanəndə Ələsgər Baba oğlu Abdullayev (Şəkili Ələsgər; 1866–1929) vəfat edib.

1 aprel 1954 – Əməkdar incəsənət xadimi, opera müğənnisi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 – 1954) vəfat edib.

1 aprel 1980 – Görkəmli aktyor, Xalq artisti İsmayıl Yusif oğlu Dağıstanlı (Hacıyev; 6.1.1907 – 1980) vəfat edib.

1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib.

1 aprel 2014 – Xalq yazıçısı  İsa Mustafa oğlu Hüseynov (Muğanna; 12.6.1928 – 2014) vəfat edib.

 

2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub.

 

3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub.

3 aprel 1922 – Tarixçi və arxeoloq, Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

 

4 aprel 1913 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Əli Yusif oğlu Zeynalov (1913 – 4.1.1988) Salyanda doğulub.

4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 – 22.7.2011) Göyçayda anadan olub.

4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərdə maraqlı obrazlar yaradıb.

 

5 aprel 1909 – Tanınmış bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallı (1909 – 27.10.1932) Şuşada doğulub. Musiqi tariximizdə yeni janrların yaradıcısı, uşaqlar üçün ilk musiqi əsərinin müəllifidir.

 

6 aprel 1939 – Xalq artisti, kinorejissor, ssenarist, professor Tofiq Hüseyn oğlu İsmayılov (1939 – 25.3.2016) Bakıda anadan olub.

 

7 aprel 1906 – Azərbaycanın ilk satirik nəşri olan “Molla Nəsrəddin” jurnalının birinci sayı çapdan çıxıb. Cəlil Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib.

Hazırladı:  Vüqar ORXAN