Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi günlərində Beynəlxalq Muğam Mərkəzi (BMM) də yeni onlayn layihələrə start verib və “Facebook” və “Instagram” səhifəsindən izləyicilərlə ünsiyyəti davam etdirir. Bu layihələr karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmaq məqsədi daşıyır.
BMM-nin təqdim edəcəyi ilk layihə muğam ifaçıları tərəfindən sənətsevərlərə ünvanlanacaq maarifləndirici və pozitiv ruhlu çağırışlardan ibarətdir. İkinci layihədə əvvəlcədən elan edilməklə qısa muğam konsertləri təşkil ediləcək. Üçüncü layihə üzrə BMM-nin foyesində büstləri olan muğam korifeyləri haqqında, eləcə də qədim musiqi alətləri ekspozisiyası ilə bağlı mühazirələr təqdim olunacaq.
Hər üç layihənin saatları haqqında əlavə məlumat BMM-nin “Facebook” və “Instagram” səhifələrində veriləcək.