Koronavirus (COVİD-19) pandemiyası səbəbindən ölkəmizdə və dünyada mədəniyyət ocaqlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. İl ərzində milyonlarla ziyarətçisi olan məşhur muzeylər karantin müddətində qapılarını bağlamaq məcburiyyətində qalıb. Eyni zamanda bir sıra muzeylər virtual olaraq eksponatlarını nümayiş etdirir.
Biz də xüsusi karantin dövründə oxucularımıza dünyanın bir neçə məşhur muzeyi haqqında məlumat vermək qərarına gəldik.
***
Britaniya Milli Muzeyi (London) dünyanın ən qədim muzeylərindən biridir. İngiltərə Parlamentinin qərarı ilə yaradılan muzey 1759-cu ildə ziyarətçilərin istifadəsinə verilib. Muzeyin eksponatları əsasən qədim əlyazmalar, kitablar, sikkələr və medallardan ibarət idi.
İllər ötdükcə muzeyin fondu unikal eksponatlarla zənginləşib, dünya şöhrəti qazanıb. Hazırda Britaniya Milli Muzeyində 94 qalereya var. Muzey o qədər zəngindir ki, burada eksponatları, sadəcə, ötəri seyr edib keçmək üçün 7 gün vaxt lazımdır.
***
Ermitaj Muzeyinin (Sankt-Peterburq) yaranma tarixi 1764-cü ildən hesablanır. Həmin il Sankt-Peterburqa Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilir. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıb yığmışdı. Ancaq o ərəfədə ağır müharibələr Prussiyanın kral xəzinəsini elə boşaltmışdı ki, II Fridrix kolleksiyanı almaqdan imtina edir. Kolleksiyanı rus çariçası II Yekaterina alır. Muzeyin indiki kimi eksponatlarla zəngin olmasında II Yekaterina xüsusi rol oynayıb.
Dünyanın ən iri muzeylərindən olan Ermitaj beş binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli inşa edilib. Muzeyin 350 zalında ümumilikdə 3 milyondan artıq eksponat nümayiş olunur.
***
Belveder Sarayı (Vyana) 1668-1745-ci illərdə Savoy şahzadəsi Euqenin əmri ilə Yohan Lukas von Hildebrandt tərəfindən tikdirilib. Yuxarı və Aşağı Belveder sarayı olaraq iki hissədən ibarət tikili bağça vasitəsilə birləşir.
1781-ci ildə Belveder ziyarətçiləri dünyanın ilk ictimai muzeyi olaraq qəbul etməyə başladı. O vaxtdan sarayın sənət kolleksiyası daha da zənginləşdi. Məşhur rəssam Qustav Klimtin xüsusi kolleksiyası Belvederin cazibəsini daha da artırdı.
***
Dünyanın ən məşhur muzeylərindən biri də Parisdəki Luvr Muzeyidir. 1793-cü ildə açılan və sahəsi 60 min kvadratmetr olan muzeydə dünya mədəniyyətinin şah əsərləri saxlanılır. Hər il yüz minlərlə ziyarətçisi olan muzeydə ümumilikdə 300 min eksponat qorunur. Lakin ziyarətçilər bu eksponatların yalnız 35 mininə baxa bilərlər.
Ümid edirik ki, bəşəriyyət qısa zaman ərzində koronavirus bəlasına qalib gələcək, insanlar normal həyatlarına qayıdacaqlar. O zaman muzeylər də tarix yadigarlarını ənənəvi şəkildə ziyarətçilərinə təqdim edəcək.
Nurəddin MƏMMƏDLİ