Azərbaycan Dövlət Rəsm Qalereyası Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının təşəbbüsü ilə başladılan “Evdə qal, evdə yarat!” çağırışına uyğun olaraq rəssamları “Evdə qal – qalib gəl! devizi ilə yeni virtual layihəyə qoşulmağa dəvət edir.
Layihə çərçivəsində müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, həmçinin incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələr keçirilir.
Layihəni qalereyanın sosial media hesabları və saytı (azgallery.az) vasitəsilə izləmək mümkündür.
Azərbaycan Dövlət Rəsm Qalereyası həmçinin “Evdə qal – qalib gəl!” layihəsi çərçivəsində gənc sənətşünaslar üçün məqalə müsabiqəsi elan edib.
Qalereyadan bildirilib ki, müsabiqə gənclərin mədəni inkişafda rolunu artırmaq, elmi araşdırma və analitik düşünmə qabiliyyətini təkmilləşdirmək, onların elmi fəaliyyətinin stimullaşdırılması, nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Müsabiqədə 18-35 yaş arasında sənətşünaslar iştirak edə bilər. Müsabiqə 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə sənətşünaslar münsiflər tərəfindən əvvəlcədən hazırlanmış mövzulardan birini seçərək iştirak edə bilərlər.