Qədim və zəngin türk mədəniyyəti tarixində çox sayda dünya şöhrətli elm və sənət dühası olub. Belə dühalardan biri Əbu Nəsir Məhəmməd əl-Fərabidir. O, 870-ci ildə Türküstanda, Sır-Dərya çayının sahilindəki (indiki Qazaxıstan ərazisi) qədim Fərab şəhərində anadan olub. Sonralar Fərab şəhəri Otrar adlanmağa başlayıb. Şəhərin qalıqları Qazaxıstanın Otrar rayonu (Cənubi Qazaxıstan vilayəti) ərazisindədir. Əl-Fərabi 950-ci ildə Dəməşqdə (Suriya) vəfat edib.
   
   Erkən yaşından elmə, savada meyilli olan yeniyetmə ilk təhsilini doğma şəhərdə alır. Sonra ailəsi Bağdad şəhərinə köçür. Fərabi ərəb, fars, latın və sanskrit dillərini dərindən öyrənir, dini və dünyəvi elmləri mənimsəyir. Riyaziyyat, fəlsəfə, tibb və musiqiyə dair mükəmməl əsərlər yazır. İslam dünyasını yunan fəlsəfəsi ilə tanış edir. Məntiqi "təxəyyül" və "sübut" olmaqla iki kateqoriyaya ayırır.
   Fərabinin "Kitabi əl-musiqi əl-kəbir" (Musiqi haqqında böyük kitab) əsəri ilə musiqişünaslığın inkişafına təkan verir. O, musiqi alətlərində də ifa etməyi öyrənir. Müasir ərəb musiqisində istifadə olunan səs sistemini məhz o, hazırlayıb. Ən məşhur əsəri isə “Əl-Mədinə əl-Fədilə” (Əxlaq şəhəri) əsəridir. Fərabi bu əsərində "ideal dövlət" konsepsiyasını irəli sürür. Həmçinin fizikada boşluqların varlığı və onların təbiəti haqqında maraqlı fikirlər söyləyib.
   Fərabinin əsərləri bir neçə əsr müddətində dünya elminin, xüsusilə də fəlsəfənin inkişaf istiqamətini müəyyən edir. Onun əsərləri Şərqin, sonralar isə Qərbin elm ocaqlarında stolüstü dərslik kitabına çevrilir. Dövrümüzə onun 117 əsəri gəlib çatıb. Bunlar məntiq, metafizika, əxlaq, siyasi elmlər, musiqi, sosiologiya və tibbə aid əsərlərdir.
   Fərabiyə görə, bütün dinlərin mərkəzində Allah dayanır. O qeyd edir ki, insanları bir-birindən ayıran onların etiqad etdikləri dinlərin müxtəlifliyi deyil, həqiqəti dərk edə bilməmələridir. Onun fikrincə, peyğəmbər fəlsəfə və mənəviyyat məsələlərində ən yüksək zirvəyə çatan insandır.
   Fərabi yazır ki, insanların xoşbəxtliyi dövlət çərçivəsində mümkündür. Dövlət öz vətəndaşları üçün elə şərait yaratmalıdır ki, onlar özlərinin həqiqi qabiliyyətlərini göstərə bilsinlər. Fərabi xoşbəxtliyin mahiyyəti haqqında maraqlı fikirlər irəli sürüb. Göstərib ki, xoşbəxtlik nəzəri və praktik fəaliyyətin vəhdətindədir. Eyni zamanda xoşbəxtliyə insanların birliyi sayəsində, daha doğrusu, cəmiyyət kontekstində nail olmağın mümkünlüyünü də qeyd edib. O, mükəmməl dövlət quruculuğunun zəruriliyini ali ideal hakimin mövcudluğu ilə əlaqələndirib.
   Əl-Fərabi şair, həkim, filosof, musiqiçi olub. İbn-Sinadan başlayaraq Şərqin bütün alimləri onu özlərinin müəllimi adlandırıblar. Qərb alimləri isə onu Aristoteldən sonra özləri üçün ikinci müəllim sayıblar.
   Bağdad, Hələb və Dəməşqdə ömür sürmüş bu böyük alim haqqında çox sayda hekayətlər mövcuddur. Onlardan biri belədir:
    Günlərin bir günü Hələb sultanı Seyf əl-Dövlət alim və şairləri saraya dəvət edir. Saraya təşrif buyuran Fərabi içəri keçir, ancaq məclis əhlinə salam vermir. Məclisə dərin sükut çökür. Hökmdar ona oturmağı təklif edir. O, hökmdardan soruşur ki, harada oturmalıdır. Sultan cavabında deyir: “Heç kimə yer göstərilmir. Ona görə də qonaqların hər biri özünə layiq bildiyi yerdə oturub. Siz də özünüzə münasib bir yer seçin!”
   Əbu Nəsir Məhəmməd əl-Fərabi Sultana yaxınlaşır və ondan bir qədər kənara çəkilməsini xahiş edir. Hökmdarın qul-qaravaşları alimin bu təklifindən heyrətlənirlər. Sultan isə narahat olmadan qonağa öz yanında yer verir. O, məclis iştirakçılarına üz tutaraq deyir:
   - Əgər gələn qonaq, doğrudan da, müdrik adamdırsa biz onun bu hərəkətini bağışlarıq. Əks-təqdirdə o, cəzalandırılacaq. Sonra da ətrafındakılara başqalarının başa düşmədiyi dildə deyir: “Səbirli olmaq və gözləmək lazımdır!”
   Əl-Fərabi isə hökmdara üz tutaraq əlavə edir: “Tamamilə düz buyurursuz. Səbirli olmaq müdriklərə və güclülərə xas olan cəhətdir”.
   Hökmdar müdrik alimdən onun sözlərini necə anladığını soruşur. Fərabi bildirir ki, burada təəccüblü heç bir şey yoxdur. Çünki o, yetmiş dil bilir.
   Çaşqınlıq içərisində qalan hökmdar özünü ələ alır və deyir: “İlk söz sizindir. Biz sizə böyük diqqətlə qulaq asmağa hazırıq!”
   Qoca alim əvvəlcə özünü məclis iştirakçılarına təqdim edir. Sonra bildirir ki, hicri tarixi ilə 256 -257-ci ildə, yeni tarixlə 870-ci ildə Otrar adlı türk-qıpçaq tayfasından olan bir hərbçi ailəsində dünyaya gəlib. Otrar sözünün ərəbcəsi “Fərab”, hərfi mənası isə “gözəl” deməkdir. Onun soyadı da elə bu sözdəndir...
   Fərabi görkəmli riyaziyyatçı və astronom kimi də tanınıb. O, Evklid həndəsəsinin təhlilini verib, Ptolomeyin astronomiyaya dair biliklərinin ensiklopediyasına şərhlər yazıb. Onun traktatları min ildən çoxdur ki, dünya elm ocaqlarında tədris olunur.
   
   Savalan Fərəcov