Mədəniyyət Nazirliyi və Avto FM-in dəstəyi ilə “AzerNyuMedia” şirkətinin həyata keçirdiyi “Cinema Radio” layihəsi 2019-cu ildən Avto FM – 107.7 FM-də yayımlanır.
Layihə bir saat ərzində dünya və yerli kino bazarında baş verən hadisələri müqayisəli şəkildə təqdim edir və dörd rubrikadan (“Özgə Cinema”, “Doğma Cinema”, “Dost Cinema” və “Qazan Cinema”) ibarətdir. Həmçinin Azərbaycan filmlərinin (xüsusilə dövlət sifarişi ilə istehsal edilən) audiotreyleri, yerli və əcnəbi kino səs yazıları səslənir.
Hazırda bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə əlaqədar “Cinema Radio” da xüsusi rejimdə fəaliyyət göstərir. Ölkə ərazisində kinoteatrların fəaliyyətini müvəqqəti dayandırması səbəbindən “Qazan Cinema” rubrikasının (bu rubrikada qaliblər “CinemaPlus” kinoteatrlar şəbəkəsinə bilet qazanırlar) əvəzinə “Fakt Cinema” rubrikası fəaliyyətə başlayıb. Rubrika dünya kinosunda baş vermiş maraqlı, qeyri-adi faktları dinləyicilərə çatdırır.