Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyası ilə bağlı tətbiq edilən karantin və zəruri sosial izolyasiya tədbirləri nəzərə alınaraq, Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı (creative.az) tərəfindən “Evdə qal, evdə yarat” təşəbbüsü irəli sürülüb.
Təşəbbüs vətəndaşlara evdə keçirdikləri vaxt ərzində yaradıcı fəaliyyətlə məşğul olmaq, eyni zamanda müxtəlif hədiyyələr qazanmaq imkanından yararlanmaq məqsədilə irəli sürülüb. Dünyada tarix boyu əl sənətinin, musiqinin, ədəbiyyatın, rəssamlığın ən gözəl nümunələri məhz evdə yaradılıb. Gəlin, biz də evdə olduğumuz müddətdə bu şansdan istifadə edək!
Sözügedən təşəbbüs çərçivəsində mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarının səmərəli təşkili üçün nazirlik tərəfindən başladılan “Yaradıcılığı evdə öyrən – özünü kəşf et və bacarıqlarınla tanın” adlı layihəyə həm yaradıcı insanlar, həm də ictimaiyyət tərəfindən böyük maraq var.
Layihə insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaradır. Nazirliyin rəsmi “Facebook” səhifəsindən bununla bağlı hər gün yaradıcılıq dərsləri paylaşılır. Video dərslər xalq sənətkarlığı, aşıq musiqisi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamətlərinə həsr olunur və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir.
Aprelin 6-dan etibarən “Mədəniyyət” telekanalında da layihənin veriliş forması nümayiş etdirilir və ictimaiyyətin faydalanması imkanları genişlənəcək.
Nazirliyin sosial şəbəkələrdə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan layihəsinə ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən qoşulmaqla bağlı müraciətlər edilir.
İlk olaraq 24 saylı Nizami 1-ci seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Könül Nurullayeva prosesə qoşulub. Millət vəkili Bakı şəhəri Nizami rayonu üzrə qeydiyyatda olan vətəndaşların layihədə iştirakını təşviq etməklə bu işə öz töhfəsini vermək niyyətindədir.
Qeyd edək ki, müsabiqədə iştirak üçün Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsində #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşılan videolardan öz maraq dairəsinə uyğun birini və ya bir neçəsini seçmək, həmin videolardan bəhrələnməklə yeni məhsul hazırlamaq (məsələn, qiraət dərsinə baxmaqla şeir demək, sənətkarlıq dərsinə baxmaqla suvenir hazırlamaq, rəsm dərsinə baxmaqla rəsm çəkmək və s.), yaratdığı məhsulun hazırlanma prosesini və hazır variantını evdə mobil telefon vasitəsilə çəkmək və nəhayət, həmin videonu “Facebook”da öz səhifəndə #yaradıcılığıevdəöyrən həştəqi ilə paylaşmaq və bəhrələndiyin videodərsin linkini də əlavə etmək lazımdır.
Xatırladaq ki, layihə üzrə müsabiqədə qeyd edilən sahələr üzrə yalnız həvəskar şəxslər iştirak edə bilər.
May ayının 7-dək (videonun son yerləşdirilmə tarixi 1 may olmaqla) davam edəcək müsabiqədə iştirak edən şəxslərin hazırladığı və “Facebook”da ən çox bəyənilən (like) ilk üç video qalib olacaq. 1-ci yerin qalibinə 1000 manat, 2-ci və 3-cü yerin sahiblərinə də pul mükafatı ilə yanaşı hədiyyələr və sertifikatlar təqdim ediləcək.