Ölkəmizin aparıcı muzeyləri sosial təcrid günlərində onlayn layihələr həyata keçirirlər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi “Xatirə” adlı yeni layihəsi üzrə “Facebook” səhifəsində görkəmli bəstəkar, dirijor, Xalq artisti, professor Hacı Xanməmmədovla bağlı məlumat yerləşdirib.

“Zövqlə ifa et” layihəsində isə muzey tərəfindən aşkar edilərək nəşr olunan musiqi əsərlərinin notları onlayn təqdim edilir. Muzey layihə üzrə ilk olaraq maestro Niyazinin “Miracle” (“Möcüzə”) əsərini paylaşıb.

***

Azərbaycan Milli İncəsənət Muzeyinin kollektivi tərəfindən yeni virtual layihəyə start verilib. “İncəsənət” adlı uşaqlar üçün layihədə hər gün saat 19:00-20:00 arasında “Facebook” şəbəkəsi üzərindən maraqlı, maarifləndirici, əyləncəli, sənətə dair yeni bilgilər verən çeşidli ustad dərsləri, qiraət və s. təqdim olunacaq.

“Azərbaycanın sehrli abidələri” kitabının müəllifi, Qərb Universitetinin professoru Elçin Əliyev ilk dəfə olaraq Nardaran kəndindəki qala barədə məlumatı muzeyin virtual ziyarətçiləri üçün səsləndirib. Bundan əlavə, muzey tərəfindən elan olunan müsabiqələrlə əlaqədar paylaşımlar da davam etdirilir.

***

Muzey Mərkəzi bu günə kimi həyata keçirdiyi layihələr haqqında “Facebook”dakı səhifəsi üzərindən paylaşımları davam etdirir. Mərkəzdə keçirilən sərgilərin videoyazıları və müxtəlif sənət növləri ilə bağlı paylaşımlar izləyicilər tərəfindən maraqla qarşılanır.

***

Azərbaycan Milli Xalça Muzeyi “Sənətə həsr olunmuş ömür” rubrikasında  dekorativ-tətbiqi sənət, xüsusilə xalça sənətinin inkişafında böyük xidmətləri olmuş insanlar haqqında onlayn məlumatlar təqdim edir. İlk olaraq muzeyin eksperti, Əməkdar rəssam Aydın Rəcəbov haqqında təqdimat “Facebook” şəbəkəsində paylaşılıb.

Muzey eyni zamanda onlarla əməkdaşlıq edən, yeni eksponatların alınmasında vasitəçi olan xarici ekspert və kolleksiyaçılar haqqında da məlumat verir. Növbəti məlumat xalça eksperti və kolleksiyaçı, Qarabağın “Əjdahalı” xalçasının ölkəmizə qaytarılmasına yardımçı olmuş Stefano İoneskuya həsr edilib.

***

Azərbaycan İstiqlal Muzeyi də yaranmış vəziyyətə uyğun olaraq fəaliyyətini  onlayn rejimdə davam etdirir. Qeyd edək ki, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Ağdam şəhər R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin eksponatları da müvəqqəti olaraq İstiqlal Muzeyində yerləşir.

Muzeyin direktor əvəzi Sədi Mirseyiblinin bildirdiyinə görə, karantin müddətində muzeydə və fondda saxlanılan eksponatlarla əlaqədar onlarla videosüjet hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb. Həmin videosüjetlər arasında görkəmli mütəfəkkir Əli bəy Hüseynzadəyə aid eksponatlara həsr olunan süjet daha çox maraq doğurub. Yaxın günlərdə Nobel qardaşları, Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr etdiyi karikaturaları və ilk kosmonavt Yuri Qaqarinin İstiqlal Muzeyində saxlanılan əlyazması ilə bağlı videoroliklər hazırlanaraq museum.az saytında yerləşdiriləcək.

***

Bu arada Azərbaycan Respublikasının Gənclər Fondu Mədəniyyət Nazirliyi ilə birgə layihəyə start verib. “Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən layihə üzrə ölkədə fəaliyyət göstərən muzeylərə virtual ziyarət təşkil edilir. Layihə çərçivəsində Bakıdakı Heydər Əliyev Mərkəzində yerləşən muzeyə,  Azərbaycan Milli İncəsənət Muzeyinə virtual ziyarətlər təqdim olunub.

Lalə AZƏRİ