Xüsusi karantin rejimi günlərində konsert müəssisələri, musiqi kollektivləri də sosial şəbəkələr vasitəsilə fəaliyyətlərini genişləndirərək internet üzərindən mədəni xidmət göstərməkdə davam edirlər.

Aprelin 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Parlaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İnstagram” səhifələrində gənc azərbaycanlı opera ifaçıları – İtaliyanın La Skala Akademiyasında təhsil alan Azər Zadə və Məhərrəm Hüseynov, ictimai birliyin təsisçisi Riad Ağa ilə birlikdə “Azərbaycan və İtaliya opera ifaçılığı ənənələri, peşəkar opera ifaçılığı məktəbinə inteqrasiya, mövcud problemlər və perspektivlər” mövzusunda onlayn müzakirə təşkil edib. Müzakirəyə musiqi ictimaiyyətinin nümayəndələri qoşularaq mövzu ilə bağlı fikirlərini bölüşüblər. Aparılan fikir mübadiləsi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Baş idarənin nəzdində fəaliyyət göstərən, bədii rəhbəri Xalq artisti Mircavad Cəfərov olan “Cəngi” estrada-folklor ansamblı unudulmaz bəstəkar, cazmen Rafiq Babayevin doğum günü (31 mart) münasibətilə “Anlamaq istəyirəm” adlı videoçarx hazırlayaraq sosial şəbəkə hesabından musiqisevərlərə təqdim edib.

Bu günlərdə paytaxtın musiqi məktəbləri də virtual layihələrdə fəallıq nümayiş etdirir. Müəllim heyətinin onlayn ustad dərsləri sosial şəbəkələr vasitəsilə öz ünvanına çatır, beləliklə, şagirdlər tədris prosesindən kənarda qalmır.

***

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Mahnı və rəqs ansamblının üzvləri  Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli həftəsi”nə töhfə olaraq dahi bəstəkarın əsərlərindən parçalar ifa edərək sosial şəbəkədə paylaşıblar.

Filarmoniyanın “Yaradıcılığı evdə öyrən” layihəsi çərçivəsində isə ansamblın solistləri Ramin Hüseynov və Nigar Hüseynova “Uzundərə” rəqsi barədə videodərs təqdim ediblər.

***

Beynəlxalq Muğam Mərkəzi də gündəlik olaraq “Facebook” və “İnstagram” səhifələri vasitəsilə korifey muğam ustadlarımızın həyat və yaradıcılığı, eləcə də milli musiqi alətlərimizlə bağlı mühazirələr nümayiş etdirir. Hər gün saat 16:00-da isə mərkəzin solistlərinin qısa konsert proqramı onlayn olaraq musiqisevərlərə təqdim edilir. Virtual təqdimatlar maraqla qarşılanır.  

Qeyd edək ki, BMM-in direktoru, Xalq artisti, pianoçu Murad Hüseynov Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının “Bizi birləşdirən mədəniyyət” layihəsində iştirak edib. Aprelin 8-də “Mədəniyyət” kanalında Murad Hüseynovun Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə keçirilmiş konsert proqramının lent yazısı efirə gedib.

Aprelin 9-da Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov evindən virtual olaraq izləyicilərin görüşünə gəlib. Xanəndə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başladığı #senetinledestekle çağırışı çərçivəsində tamaşaçılara xanəndəlik sənətinin sirlərindən, muğamlarımızdan söhbət açıb. Musiqisevərlər virtual görüşü @bakimedeniyyetidaresi və sənətçinin özünün  @mansumibrahimovofficial “İnstagram” hesablarından canlı izləmək imkanı qazanıblar.

Lalə AZƏRİ