Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta və orta ixtisas təhsil pillələri, bakalavriat və magistratura səviyyələri üzrə martın 11-dən başlanmış onlayn və videodərsləri martın 29-dan daha geniş şəkildə və tədris planına uyğun davam etdirilir. Dərslərin keçirilməsinə və keyfiyyətinə mütəmadi olaraq struktur bölmələrinin rəhbərləri tərəfindən nəzarət edilir.
BXA-dan bildirilib ki, ötən müddətdə 200-ə yaxın müəllimin iştirakı ilə mövcud distant təhsildən 500-dən artıq şagird və tələbə yararlanıb.
Akademiyanın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi də real iş vaxtı rejimində onlayn formada işləyir və dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə yeni üsulların təşviqi və tətbiqi üçün xüsusi layihələrin hazırlanması üzərində çalışır. Onlayn dərslər “Whatsapp” , “Skype” , “Zoom” və “Microsoft Teams” proqramları üzərindən, videodərslər isə akademiyanın rəsmi “Youtube” kanalı və “Facebook” səhifəsindən yayımlanır.