Vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib
Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Evdə qal – evdə yarat” təşəbbüsü çərçivəsində reallaşan tədbir və layihələrin sırasına daha biri əlavə olunub. Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olaraq II Dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan edilib.
Müsabiqə aprelin 10-dan mayın 9-dək davam edəcək. Təqdim olunan mahnılar Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqədə yaşı 20-dən yuxarı olan peşəkar bəstəkarlıq təhsili almış musiqiçilər iştirak edə bilərlər. İştirakçılar azcomposersunion@gmail.com elektron ünvanına mahnının yüksək formatda yazılmış audio versiyasını, öz şəkil və qısa yaradıcılıq xülasəsini göndərərək qeydiyyatdan keçməlidir. Göndərilən musiqi parçaları ənənəvi musiqi mədəniyyətimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirməklə yanaşı, həmçinin vətənpərvərlik ruhunu dinləyicilər üçün ən aydın və cəlbedici şəkildə çatdırmalıdır.
Təqdim olunan musiqi materialı daha öncə heç bir kütləvi informasiya vasitəsi və tədbirlərdə səslənməməlidir.
Qran-pri mükafatına layiq görüləcək mahnının müəllifinə 2000 manat, ilk 3 yerin sahiblərinə isə müvafiq olaraq 1500, 1250 və 1000 manat məbləğində pul mükafatı nəzərdə tutulub.
Müsabiqə ilə bağlı ətraflı məlumatı Mədəniyyət Nazirliyinin saytında (mct.gov.az) “Elanlar” bölməsində və Bəstəkarlar İttifaqının azcomposersunion@gmail.com elektron ünvanı vasitəsilə əldə etmək olar.