May ayında AMEA-nın Fəlsəfə İnstitutunda görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.
Ziyəddin Göyüşov 1920-ci ildə Ağdam şəhərində anadan olub. 1938-1939-cu illərdə Ağdam Pedaqoji Texnikumunda, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsində təhsil alıb. 1957-ci ildə fəlsəfə doktoru, 1963-cü ildə elmlər doktoru, 1964-cü ildə isə professor elmi adını alıb. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, Fəlsəfə və Hüquq İnstitutunda Fəlsəfə tarixi şöbəsinin müdiri olub.
Alim Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak edib, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olub. Görkəmli filosof 1982-ci ildə vəfat edib.
Z.Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olub və bu sahədə elmi istiqamət yaradıb. Azərbaycan fəlsəfə tarixi və etikaya dair dəyərli əsərlərin müəllifidir. Onun çoxsaylı əsərlərində əxlaq tərbiyəsinin ən mühüm problemlərindən biri – insanın özünüdərketməsi problemi tədqiq olunur.