Görkəmli polyak şairi və ictimai xadimi Adam Mitskeviç əsərləri ilə Polşa ədəbiyyatını Şərq motivləri ilə də zənginləşdirib. Adam Mitskeviç Azərbaycanda da tanınır, əsərləri dilimizə tərcümə edilib, haqqında məqalələr yazılıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarovun bu yaxınlarda nəşr olunan monoqrafiyasında isə “Adam Mitskeviç və Azərbaycan” mövzusu ilk dəfə sistemli tədqiq edilib.

Akademiyadan bildirilib ki, monoqrafiyanın redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçisi həmin institutun böyük elmi işçisi, professor Gülər Abdullabəyovadır.

Nəşrdə Adam Mitskeviçin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar ilk dəfə Azərbaycan ədəbiyyatşünaslığına gətirilib. Nəşr Azərbaycan və polyak xalqlarının dostluğu haqqında da geniş təsəvvür yaratmağa imkan verir.