Azərbaycan
8 aprel 1976 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897-1976) vəfat edib. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası (1935-1950) olub.
9 aprel 1905 – Şair, ədəbiyyatşünas, tərcüməçi Cəfər Rəmzi (Cəfər Balaəmi oğlu İsmayılzadə; 1905 – 11.09.1996) Bakının Mərdəkan kəndində doğulub. Azərbaycan ədəbiyyatında işlədilən ərəb, fars sözləri lüğətinin tərtibçisidir.
9 aprel 1931 – Əməkdar incəsənət xadimi, teatrşünas, sənətşünaslıq doktoru, professor Rahib Abuzər oğlu Hüseynov (1931 – 5.5.1994) Bakıda doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun rektoru olub.
9 aprel 1946 – Tanınmış aktyor və rejissor Ceyhun Cəmil oğlu Mirzəyev (1946 – 5.3.1993) Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. “Ögey ana”, “Dəli Kür”, “Yenilməz batalyon” və s. filmlərdə çəkilib. “Fəryad” filminin rejissoru və baş rol ifaçısıdır.
10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) Bakıda anadan olub. “46 bənövşə”, “Sevdasız aylar”, “Sən olmasaydın” və s. nəsr əsərləri, “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.
10 aprel 1928 – Əməkdar rəssam Solmaz Qurban qızı Musayeva (1928-2016) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rəssam və baş rəssam işləyib.
10 aprel 1930 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Musa İsrafil oğlu Adilov (1930-1996) Quba rayonunda anadan olub.
10 aprel 1979 – Əməkdar mədəniyyət işçisi, aşıq Şakir Şahverdi oğlu Hacıyev (1922-1979) vəfat edib.
11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 – 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” pyesi ilə Azərbaycan dramaturgiyasında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.
11 aprel 1934 – Əməkdar incəsənət xadimi, tanınmış fotojurnalist Yaşar Xəlilov (1934-2018) Bakıda doğulub.
12 aprel 1866 – Teatr və maarif xadimi Əbülqasım Sultanov (1866-1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddin lətifələrini rus dilinə çevirib.
12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 – 1.11.1965) Füzuli rayonunun Horadiz kəndində anadan olub. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 – 5.10.1982) anadan olub. Azərbaycan dastan və nağıllarının toplanması və tədqiqində mühüm xidmətləri var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.
12 aprel 1912 – Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 – 3.12.1996) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.
12 aprel 2013 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 13.3.1927 – 2013) vəfat edib. Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
13 aprel 1909 – Əməkdar artist, teatr və kino aktyoru Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (1909-1960) Gəncədə doğulub. Akademik Dram Teatrının aktyoru olub, filmlərə çəkilib.
13 aprel 1917 – Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1917 – 16.5.1992) anadan olub. Çəkdiyi filmlər: “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim”, “İnsan məskən salır”, “Onun bəlalı sevgisi” və s.
13 aprel 1922 – Azərbaycan arfa ifaçılığı məktəbinin yaradıcısı, Əməkdar artist Aida Həmdulla qızı Abdullayeva (1922-2010) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
13 aprel 1929 – Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 – 30.10.1992) Naxçıvan şəhərində anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
14 aprel 1870 – Görkəmli yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 – 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kütləvi kitabxananı təşkil edib. “Nadanlıq”, “Nadir şah”, “Bahadır və Sona”, “Şamdan bəy” və s. əsərlərin müəllifidir. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri (1920-1922) olub.
14 aprel 1907 – Xalq artisti Fatma Qədir qızı Qədri (1907 – 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
14 aprel 1952 – Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafa oğlu Mustafayev (1952 - 20.11.1991) Qazax rayonunda doğulub.
14 aprel 1970 – Əməkdar artist Qaflan Məmmədrza oğlu Muradov (1890-1970) vəfat edib. Ağdam, Füzuli Dram teatrlarının aktyoru olub.
Dünya
8 aprel 1692 – İtaliya bəstəkarı Cüzeppe Tartini (1692-1770) anadan olub. “Şeytan sonatası” (“Sonate du diable”) ilə məşhurluq qazanıb.
9 aprel 1821 – Fransa şairi və ədəbiyyatşünası Şarl-Pyer Bodler (Charles Pierre Baudelaire; 1821-1867) anadan olub.
10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.
10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.
11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.
13 aprel 1883 – Rus bəstəkarı və dirijoru Aleksandr Aleksandrov (1883-1946) anadan olub. Keçmiş SSRİ-nin dövlət himninin musiqisinin, populyar vətənpərvərlik mahnılarının müəllifidir.
13 aprel 1906 – İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. Absurd teatrının yaradıcılarındandır. Əsərləri: “Qodonun intizarında”, “Oyunun sonu” (pyes), “Molloy”, “Adsız” (roman).
14 aprel 1925 – Amerika aktyoru, “Oskar” mükafatçısı Rod Stayger (Rodney Stephen Steiger; 1925-2002) anadan olub.
14 aprel 1930 – Litva kinorejissoru Vitautas Jalakyaviçus (1930-1996) anadan olub. Rejissorun “Bu şirin söz – azadlıq” filmində azərbaycanlı aktyorlar da çəkilib.
Hazırladı: Vüqar ORXAN