Ekran əsərinin ərsəyə gəlməsində mühüm məqamlardan biri natura çəkilişləridir. Bu baxımdan Azərbaycan təbiəti, coğrafi şəraiti, tarixi memarlıq abidələri ilə zəngin imkanlara malikdir. Bu gün Azərbaycanın bu sahədən gəlir əldə etməsi, xüsusilə reklam filmləri üzrə prodüserlərin ölkəyə cəlb edilməsi nə dərəcədə realdır, demək çətin olsa da, bir fakt danılmazdır ki, paytaxt Bakı hər zaman filmlərin çəkiliş meydançası kimi məşhur olub. Bu xüsusda təkrarolunmaz koloritə malik İçərişəhərin ayrıca yeri var.

Əsrlərin tarixini özündə yaşadan məkan onlarla filmdə kinokameranın yaddaşına köçüb. Bugünlərdə Bəhram Bağırzadənin müəllifi olduğu “İçərişəhər kinolentlərdə” adlı fotoalbomu vərəqlədikcə buna bir daha əmin oldum.
Biz də sirli şəhərin kino ömrünə bu yazı ilə qısa səyahət etmək istədik. Bir əsrdən çoxdur ki, köhnə Bakının təkrarolunmaz dar küçələri, miniatür həyətləri, qala divarları açıq səma altında möhtəşəm kinopavilyon rolunu oynayır.

Tarixə səyahət

Bakının kino tərcümeyi-halı elə Azərbaycanda kinonun tarixi ilə başlanır. 1898-ci ildə indiki Filarmoniya bağında fotoqraf-operator A.Mişonun lentə aldığı “Şəhər bağında xalq gəzintisi” kadrları ilə. O vaxtdan İçərişəhər bir çox bədii, sənədli və elmi-kütləvi filmlər üçün çəkiliş məkanı olub.
Bədii kinoda Bakının qədim hissəsi ilk dəfə 1924-cü ildə ekrana çıxan “Qız qalası əfsanəsi” filmində əksini tapıb. Vladimir Ballyuzek adlı rejissorun çəkdiyi filmin bədii dəyəri, məzmunu diqqətəlayiq olmasa da, film sayəsində o illərin İçərişəhəri kinolentə həkk olunub. 1934-cü ildə rejissor Mikayıl Mikayılovun “İsmət” filminin bir hissəsi İçərişəhərdə çəkilir. Şəhərin ensiz küçələri, eyvanları bir-birinə baxan binaları operator F.Novitski tərəfindən lentə alınıb.
İçərişəhərdə lentə alınan filmlərdən söhbət açarkən təbii ki, çox populyar olan “Brilyant əl” filmini də unutmaq olmaz. 1968-ci ildə “Mosfilm” kinostudiyasında çəkilmiş komediyanın qəhrəmanları gəmi ilə Şərq ölkələrindən birinə gəlib çıxırlar və bu ölkənin “şəhəri” olaraq İçərişəhər ekranda canlanır. “Sonuncu qum təpəsi”, “Qara qağayı” (“Lenfilm”), “Amfibiya adam”, “Dulsineya Tabosskaya” (“Mosfilm”) və s. filmlərin çəkilişlərinin bir hissəsi Bakıda reallaşıb. Rusiyanın məşhur aktyorları N.Beloxvostikova və İ.Kostolevskinin çəkildiyi SSRİ-İsveçrə-Fransa istehsalı olan «Tehran-43» siyasi detektivinin (1980) bir sıra kadrları da Bakıda lentə alınıb.

Arif Babayev və İçərişəhər sevgisi

Tanınmış rejissor Arif Babayev İçərişəhərdə doğulub böyümüşdü. Kino tədqiqatçısı Aydın Kazımzadə xatirələrindən birində deyir ki, rejissor adətən şəhəri tək gəzərdi, onun bütün dar keçidlərinə, əsrlərin sınaqlarına dözmüş darvaza və qapılarına, evlərin hər tininə bələd idi. Bütün bunlar ona gələcəkdə kino materialı kimi lazım oldu. Rejissorun filmlərində Bakı, xüsusilə İçərişəhər, Qoşa qala qapısı böyük məhəbbətlə tərənnüm olunub. “Uşaqlığın son gecəsi” filmində rejissor sanki İçərişəhərin çoxsaylı həyətlərinin birində səyyar televiziya kamerası üçün uğurlu bir nöqtə seçərək bu həyətin sakinlərinə mane olmadan onların güzəranını, münasibətlərini lentə alıb. “Gün keçdi” lirik kinopovestində iki gəncin uğursuz məhəbbət tarixçəsindən söhbət açmaqla yanaşı, İçərişəhər irsinin qorunması probleminə də toxunub. Arif Babayev həmin dövrdə burada aparılan tikinti işləri ilə, köhnə evlərin sökülüb, yeni binaların tikilməsi ilə barışa bilmirdi. Hətta filmin çəkilişləri vaxtı binalardan birinin necə uçurulduğunu görüb ürək ağrısı ilə lentə köçürmüşdü. O, gördüklərini, duyduqlarını yalnız əks etdirmirdi, poetikləşdirir, ekran şeirinə çevirirdi.
Azərbaycan kinosunun inciləri siyahısına daxil olan “Arşın mal alan” musiqili kinokomediyasının 1945-ci (rejissorlar Rza Təhmasib və N.Leşşenko) və 1965-ci (Tofiq Tağızadə) illərdə çəkilmiş hər iki variantında, 1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu olsun» musiqili kinokomediyasının (Hüseyn Seyidzadə) çəkilişləri zamanı qala divarları lentə alınıb, hətta kütləvi səhnələrdə İçərişəhərin sakinləri də iştirak edib.
“Uzaq sahillərdə” filminin (T.Tağızadə) natura çəkilişlərinin bir hissəsi İçərişəhərdə baş tutub. “Qaladan tapılan mücrü” (Gülbəniz Əzimzadə), “Bir qalanın sirri” (Əlisəttar Atakişiyev), “Şərikli çörək” (Şamil Mahmudbəyov), “Ən vacib müsahibə” (Eldar Quliyev) və digər neçə-neçə filmlərimiz İçərişəhərin dolanbac küçələrindən günümüzə boylanır. 1974-cü ildə “Ömrün səhifələri» kinoalmanaxında “Rəqiblər” novellası (Teymur Bəkirzadə) da burada çəkilib. Cahangir Mehdiyevin “Evlənmək istəyirəm” filmində hadisələr İçərişəhərdə cərəyan edir. «Özgə ömür» filminin də (Rasim Ocaqov) müəyyən epizodları İçərişəhərin dar küçələrində lentə alınıb. Filmin səhnələrinin birində institut rektoru Fariz Rzayev İçərişəhərdə doğulub böyüdüyü evi tapmaq üçün illər sonra buraya gəlir, dar küçələrdən keçir, azır, evini tapa bilmir. Onun köhnə evlərin arasında, dar küçələrin tinində vurnuxması, nəhayət yolun ortasında qalması filmdə simvolik məna daşıyır.

Bu günün İçərişəhəri filmlərdə

Bakı günü-gündən gözəlləşir, simasını dəyişir. İllər keçir, amma İçərişəhər yenə öz möhtəşəmliyini qoruyur. Kinematoqrafçılar daim bu məkanı diqqətdə saxlayırlar. Son dövrdə lentə alınan filmlər sırasında “Bakı sübhdən günbatanadək” layihəsi çərçivəsində bir neçə qısametrajlı film, Eldar Quliyevin “Dərvişin qeydləri”, Heydər Əliyev Fondunun dəstəyi ilə ekranlaşdırılan “Əli və Nino”, İlqar Safatın “İçərişəhər”, Rafiq Əliyev və Cavid Təvəkkülün lentə aldığı “Dərs” filmlərində bu məkanın kino ömrünə yeni səhifələr əlavə edilib.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar