Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəsm və esse müsabiqəsi

Mədəniyyət, sənət və ədəbiyyat dünyasının, sosial və ictimai həyatımızın bütünlüklə koronavirusun doğurduğu karantin və sosial izolyasiya rejiminə uyğunlaşmağa məcbur olduğu bu günlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən iki müsabiqə elan edilib.

Bəşəriyyətin ciddi təhlükəylə üzləşdiyi bir vaxtda çətinliklərin qısa zamanda aradan qaldırılması üçün hər birimiz vətəndaş məsuliyyətini dərk edərək özünə və cəmiyyətə qarşı duyarlı olmağa, sosial izolyasiya qaydalarına əməl etməyə, həmçinin bu müddəti səmərəli və yaradıcı dəyərləndirməyə çalışmalıyıq.  İnsanların fiziki sağlamlığının qorunması ilə yanaşı, mənəvi zənginləşməsi də böyük önəm kəsb etməkdədir.

Bununla əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu 6-16 yaş qrupuna daxil olan məktəblilər arasında “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” mövzusu üzrə beynəlxalq onlayn rəsm müsabiqəsi elan edir.

Müsabiqə bədii təxəyyülə malik istedadlı məktəblilərə dəstək olmaq, onların yaradıcılığının tanıdılmasına əlavə imkanlar yaratmaq, eləcə də gənc nəsilləri türkdilli xalqların zəngin mədəni irsinin, qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və dünyada təbliğinə cəlb etmək məqsədi daşıyır.

Rəsm əsərləri türkdilli xalqların günümüzədək yaşadılan milli adət-ənənələrini, mərasimlərini, həmçinin türk dünyasının ortaq mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirməlidir.

Müsabiqədə iştirak üçün məktəblilərin özləri barədə ətraflı məlumat (adı, soyadı, təvəllüdü, yaşadığı ölkə, şəhər, ünvan və əlaqə nömrəsi), eləcə də təsvir etdiyi kompozisiya və ya adət-ənənə haqqında ana dili və ingilis dilində qısa məlumatı əlavə edilməklə rəsm əsərlərini 1 may 2020-ci il tarixinədək turkictraditions@gmail.com elektron poçtuna göndərilməlidir. Təqdim olunan rəsm əsərləri xüsusi olaraq yaradılacaq internet saytında onlayn qaydada sərgilənəcək.

Koronavirus pandemiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ləğv edildikdən sonra rəsm əsərləri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ünvanına (Bakı şəhəri, A.Bakıxanov 73A) poçt vasitəsilə göndərilməlidir. Qaliblər xüsusi diplom və mükafatlarla təltif olunacaq.

***

Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus pandemiyası şəraitində gənclərin fərdi inkişafının, boş vaxtlarından səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ali təhsil ocaqlarının tələbələri arasında “Dünyamızı qoruyaq: Türk dünyasının adət-ənənələri” adlı beynəlxalq esse müsabiqəsi də elan edib.

Fonddan verilən məlumata görə, müsabiqənin məqsədi müxtəlif sahələr üzrə təhsil alan tələbələri türk dünyasının zəngin tarixini, mədəni irsini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini öyrənməyə və bu dəyərlərin təbliğinə sövq etməkdir. Eyni zamanda müsabiqənin hədəfi istedadlı gənclərin fikir ifadə etmək, yazmaq və anlatmaq bacarıqlarını təşviq etmək, onların potensial imkanlarının üzə çıxarılmasına şərait yaratmaqdır.

Esse sadəcə informasiya məzmunu daşımamalı, türkdilli xalqların günümüzədək yaşayan milli adət-ənənələri, mərasimləri, eləcə də türk dünyasının ortaq mədəni-mənəvi xüsusiyyətləri ilə bağlı müəllifin düşüncələrini əks etdirməli və 3 (A4) səhifədən az olmamalıdır.

Müsabiqədə iştirak etmək üçün tələbələr özləri barədə məlumatı (Azərbaycan və ya ingilis dilində) da əlavə etməklə esseləri mayın 15-dək turkictraditions@gmail.com elektron poçtuna göndərə bilərlər.

Seçilmiş esselər xüsusi hazırlanan kitabda dərc ediləcək. Qaliblərə diplom və mükafatlar təqdim olunacaq.