Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un tədbirlərində yer alan sənətçilər xüsusi bir kliplə bütün türk dünyasına “Evdə qal” mesajı verib. Hər il ənənəvi Novruz bayramı çərçivəsində bir araya gələrək konsert proqramları ilə çıxış edən sənətçilərin builki konsert turneləri “COVİD-19” pandemiyası səbəbindən təxirə salınıb.
TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan sənətçiləri evlərində “Op-Mayda” qırğız xalq mahnısını ifa ediblər. 12 ölkə sənətçisinin yer aldığı görüntülər TÜRKSOY-un Ankaradakı ofisində klip halına salınıb.
Sənətçilərin evlərindən çəkdikləri videogörüntülərdən hazırlanan klip Qazaxıstan və Qırğızıstanın telekanallarında, həmçinin TÜRKSOY-un sosial media hesablarında yayımlanıb. Bu mahnı vasitəsilə sənətçilər türk dünyasının birlik və bərabərliyini vurğulayıblar.
Türkdilli ölkələrin etnik və ənənəvi musiqisini dünyaya bu ölkələrin alətləri ilə tanıtmaq məqsədilə qurulan TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrində dombra, bağlama, sırnay, şerter, tar, kamança, qopuz, qarmon kimi alətlərin ifaçıları yer alır.
Bu günə qədər Novruz bayramı çərçivəsində Yaponiya, ABŞ kimi ölkələrdə konsert verən orkestr türkdilli ölkələrin məşhur musiqi və rəqs qruplarında fəaliyyət göstərən peşəkar solistlərdən ibarətdir.