Ölkəmizi onun hüdudlarından kənarda virtuoz ifası ilə layiqincə təmsil edən, tarın sarı simi ilə qəlbləri riqqətə gətirən Əməkdar artist Şəhriyar İmanov bu dəfə izləyiciləri Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə reallaşan “Sənətinlə dəstəklə” (#senetinledestekle) layihəsində evdən salamlayıb.
Şəhriyar İmanovun canlı ifası baş idarənin @bakimedeniyyetidaresi və tarzənin özünün @shahriyarimanov “İnstagram” hesablarından yayımlanıb. O, tarın simlərinin insanların qəlbini riqqətə gətirən, duyğularını ifadə edən sehrindən, ifaçılıq təcrübəsindən söz açıb, izləyicilərin suallarını cavablandırıb.
Çağırışa Türkiyədən də qoşulacaqlar
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Sənətinlə dəstəklə” (#senetinledestekle) çağırışı ölkəmizdən kənarda yaşayan sənətçilər arasında rezonans doğurub. Beynəlxalq müsabiqələr laureatı Müşfiq Quliyev və istedadlı vokalçı İsmayıl Zeynalov aprelin 15-də #senetinledestekle layihəsinə Türkiyədən qoşulacaqlar.
İfaları ilə müxtəlif ölkələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edən bu istedadlı duet izləyicilərə rəngarəng konsert proqramı təqdim edəcək.
Proqramı @bakimedeniyyetidaresi, eləcə də sənətçilərin özlərinin “İnstagram” səhifələrindən – @mushfik və @ismayil_zeynalov hesablarından izləyə, musiqiçilərimizə suallarınızı ünvanlaya bilərsiniz.