Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəmizdə həyata keçirilən karantin tədbirləri ilə bağlı digər mədəniyyət müəssisələri kimi, kitabxanalar da fəaliyyətini internet üzərindən – virtual rejimdə davam etdirir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialı Xalq şairi Səməd Vurğun haqqında virtual sərgi hazırlayıb. Sərgidə şairin həyat və yaradıcılığı ilə bağlı qısa məlumat paylaşılıb, onun kitabları və haqqında yazılmış əsərlər yer alıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər və Yasamal rayon MKS-ləri onlayn müzakirə keçiriblər. Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova və Xəzər rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova yeni layihələr, bədii ədəbiyyat və mütaliə problemləri kimi mövzuları müzakirə edib, izləyicilərin suallarını cavablandırıblar.
Yasamal rayon MKS-nin həyata keçirdiyi “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan yazarlar öz əsərlərini təqdim etməkdə davam edir. Layihə çərçivəsində yazıçı və şairə, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının fəxri oxucusu Gülarə Munis “Nənə, nağıl de mənə...” əsərini virtual formada təqdim edib.