Azərbaycan Dövlət Rəsm Qalereyasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalının “Evdə qal, evdə yarat!” təşəbbüsünə dəstək olaraq başlatdığı “Evdə qal – qalib gəl!” virtual layihəsi də davam edir.
Qalereya layihəsi çərçivəsində aprelin 13-də “Rəssamın evi” adlı virtual sərgini təqdim edib.
Virtual sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan rəssamların yaradıcı mühitini təsvir edən əsərlər nümayiş olunub.
Sərgidə Əyyub Məmmədovun “Rəssamın yanında”, Altay Sadıqzadənin “Emalatxanada”, Fikrət Bağırovun “Rəssamın emalatxanasında”, Elbəy Rzaquliyevin “Rəssam”, İbrahim Rzayevin “Rəssam tarlada”, Rasim Babayevin “Rəssamların arasında”, Tələt Şıxəliyevin “Rəssamlar və modellər”, Faiq Ağayevin “Xalq rəssamı Mikayıl Abdullayevin portreti”, Asəf Cəfərovun “L.Feyzullayevin portreti”, Sakit Məmmədovun “Emalatxana”, Qafar Seyfullayevin “Xalq rəssamı K.Xanlarovun portreti”, Telman Abdinovun “Rəssamın stolu”, Əbdül Əbdülxaliqin “Əzim Əzimzadənin portreti” və başqa əsərlər yer alıb.
Qeyd edək ki, “Evdə qal – qalib gəl!” virtual layihəsi müxtəlif aksiyalar, rəssamların ustad dərsləri, incəsənət tarixi və nəzəriyyəsi haqqında mühazirələri də əhatə edir.