Azərbaycan Mətbuat Şurası aprelin 11-də “Koronavirus: xüsusi karantin rejimində medianın fəaliyyəti” mövzusunda onlayn konfrans keçirib.
Şuranın sədri Əflatun Amaşov konfransı açaraq bildirib ki, koronavirus pandemiyasının qarşısının alınması ilə dünyanın bir çox ölkələri bütün imkanlarını səfərbər edib. Azərbaycanda bu istiqamətdə ilk günlərdən dövlət tərəfindən məqsədyönlü və kompleks tədbirlər reallaşdırılır. Bu, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsində dövlətimizin məsələyə həssas münasibətinin nəticəsidir. Həm dövlət başçısının, həm də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus təhlükəsi ilə bağlı xalqa ünvanladıqları müraciətlər onu deməyə əsas verir ki, Azərbaycan dövləti vətəndaşının yanındadır və dünyanın üzləşdiyi qlobal bəlanın fəsadlarının aradan qaldırılmasına çalışır, bütün zəruri tədbirləri gerçəkləşdirir.
Əflatun Amaşov qeyd edib ki, mövcud vəziyyətdə medianın üzərinə də mühüm vəzifələr düşür: “Biz bu vəzifələrə ümumən məsuliyyətlə yanaşıldığını görürük. Ona görə də çətin şəraitdə çalışan, yüksək əzmkarlıq göstərərək əhalinin maarifləndirilməsində yaxından iştirak edən hər bir media təmsilçisinə təşəkkürümüzü bildiririk. Onların əməyi ən xoş sözlərə layiqdir”.
Diqqətə çatdırılıb ki, Mətbuat Şurası tərəfindən koronavirus dövründə media fəaliyyəti ilə bağlı bir neçə dəfə jurnalistlərə müraciət edilib, müvafiq tövsiyələr ünvanlanıb. Həmçinin Beynəlxalq Jurnalistlər Federasiyasının bu yöndə tövsiyələri nəzərə çatdırılıb. Bu xüsusda ilk yerdə jurnalist peşəkarlığı məsələsi dayanır: “Əlbəttə, pandemiya həm ölkəmizin, həm də jurnalistikamızın ilk dəfə qarşılaşdığı belə bir şəraitdir. Vətənimizin, xalqımızın, vətəndaşımızın mənafeyi baxımdan bu yolda düzgün istiqamət götürməliyik. Düşünürəm ki, müəyyən istisnalarla bunu edə bilirik”.
Əflatun Amaşov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah kütləvi informasiya vasitələrinin karantin dövründəki iş sərbəstliyinin olduğunu açıqlayıb, yəni bu rejimdə media fəaliyyətinə icazə verilən sahədir. Amma yaşadığımız bu günlər mediamızdakı çətinlikləri də üzə çıxarır, təəssüf ki, jurnalist adı ilə sui-istifadə faktlarına da rast gəlinir.
Onlayn konfransa qoşulan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu cür həssas durumlarda vətəndaş həmrəyliyi və vəhdətinin olmasının vacibliyini qeyd edib və bu baxımdan media orqanlarının üzərinə son dərəcə böyük məsuliyyətin düşdüyünü bildirib.
Milli Məclisin deputatı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, KİV rəhbərləri mövzu ilə bağlı fikir və təkliflərini bölüşüblər.