Vətənindən uzaqlarda da tanınan vunderkind-pianoçu Stelios Kerasidis 7 yaşındadır. Koronavirus pandemiyası ilə bağlı Yunanıstanda da karantin rejimidir.

Nyu-Yorkun “Karnegi-holl”, Londonun “Albert-holl” kimi məşhur konsert salonlarında, Vyana Filarmoniyasının səhnəsində çıxış etmiş balaca ifaçı indi evdən çıxmır – Yunanıstanın Nea-Makri şəhərindəki evlərində karantin günlərini musiqi məşğələləri ilə qısaldır. Stelios musiqiçi ailəsində doğulub. Atası fortepiano müəllimidir, iki bacısı da piano çalır.

Konsertləri təxirə salınan, yaşıdları kimi əyləncələrdən uzaq qalan balaca pianoçunun daha bir musiqi istedadı üzə çıxıb. Karantin günlərində musiqi bəstələməyə başlamış Stelios “Təcrid valsı” yazıb. Əsəri “Youtube” kanalında təqdim edən balaca bəstəkar-ifaçı video paylaşımını belə başlayır: “Salam, uşaqlar. Mənim adım Steliosdur, bu günlər mən də evdə oturmuşam. Gəlin, bir qədər səbirli olaq. Tezliklə hamımız küçəyə çıxacağıq, dənizdə çiməcəyik. Mən əsərimin bir hissəsini sizə həsr edirəm”.

Bir neçə gün ərzində “Təcrid valsı”nı izləyənlərin sayı 170 mini keçib.

GÜLCAHAN