Bu gün bəşəriyyətin əziyyət çəkdiyi koronavirus pandemiyası hər kəsin həyat ritmini pozub. Bu bəlaya qalib gəlməyin əsas yolu evdə qalıb infeksiyaya yoluxmamaq, bununla da onun yayılmasına mane olmaqdır.
Maraqlıdır, mədəniyyət sahəsində çalışan insanlar, muğam ifaçılarımız sosial izolyasiya günlərini necə keçirir, hansı layihələrdə iştirak edirlər? Bu suallarımıza cavab almaq məqsədilə bir neçə incəsənət xadiminə müraciət etdik.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Muğam sənəti kafedrasının müdiri, dosent, Xalq artisti Teyyub Aslanov telefon söhbətimiz zamanı bildirdi ki, ölkəmizdə elan olunan karantin rejimi dövründə yaradıcılıq axtarışları aparır və onlayn olaraq iş fəaliyyətini də davam etdirir: “Bütün dünyanı bürüyən koronavirus pandemiyası insanların normal həyat düzənini pozmuşdur. Xüsusi karantin rejimi istər-istəməz hamının əhvalına təsir edir, bəzən insanlarda ruh düşkünlüyü yaradır. Babalarımız “Sağlam bədəndə sağlam ruh olar”, deyiblər. Mənsə bu günlər üçün bu məsəli belə ifadə edərdim: “Ruh yüksəkliyi sağlamlığın başlıca qarantıdır”. Özümüzü, əzizlərimizi, yaxınlarımızı, bütünlüklə xalqımızı bu virusdan qorumaq üçün evdə qalmağa məcburuqsa, bu günləri daha maraqlı, daha səmərəli keçirməliyik. İndi “vaxtım olsaydı” bəhanəsinə yer yoxdur. İnsan sevdiyi işlə məşğul olanda vaxtın necə gəlib keçdiyini belə hiss etmir. Mən ADMİU-nun müəllimi olaraq tələbələrimə onlayn muğam dərsləri keçirəm. Bu mənə xüsusi zövq verir. Həm tələbələr dərslərindən geri qalmır, həm də vaxt məhdudiyyəti olmadığı üçün daha çox məşğul olmaq şansımız yaranır”.
Xalq artisti sosial şəbəkələr vasitəsilə evdən canlı olaraq izləyicilərlə ünsiyyət qurduğunu, müxtəlif onlayn layihələrdə iştirak etdiyini, həm də musiqi alətləri ilə vaxt keçirdiyini deyir: “Musiqi alətlərini çox sevirəm. Evdə tar, saz, nağara, balaban, qarmon, tütək və s. alətləri var. Bu müddətdə boş vaxtımdan istifadə edərək qarğıdan bir nəfəs aləti düzəltmək ideyası yaranmışdı. Heç zaman etmədiyim bir işə – bir ney aləti düzəltməyə başladım. Deyəsən, istəyimə nail olmuşam”.
ADMİU-nun professoru, kamança ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayev bildirir ki, bu günlər dərslərin dayandırılması tələbələr üçün proqramın mənimsənilməsində müəyyən çətinlik yaratsa da, yeni texnologiyalar, sosial şəbəkələr bu məqamda köməyimizə çatır: “Dövlətimizin sosial təcrid qərarına əməl etməklə virtual olaraq tələbələrimlə dərsləri davam etdirirəm. Qarşıda 4-cü kursun dövlət imtahanları var. İşimiz dayanmadan gedir, tələbələr dərs proqramını yerinə yetirirlər”.
Müsahibim sosial izolyasiya günlərində mütaliə etdiyini, həmçinin həyətində yeni ağaclar əkdiyini də deyir: Bununla evdə qalmaqla fiziki əməklə məşğulluğumuzu da təmin etmiş oluruq. Biz xalq olaraq çətinliklərin öhdəsindən gəlməyi bacarmalıyıq. Hazırda şəhərin küçələri adamsızdır, təbiət də dincəlir. Bu bizə bir mesajdır. Demək, biz karantindən sonra da bu qaydalara ciddi əməl etməli, şəhərimizin qeydinə qalmalıyıq”.
Əməkdar artist xalqımıza bu çətin sınaqda birlik arzulayır və deyir ki, bu günlər ölkə rəhbərliyinin çağırışlarına, həyata keçirilən tədbirlərə hər bir vətəndaş dəstək olmalıdır.
Lalə AZƏRİ