Homer “evdə qalan” dedi, Hippokrat onu termin etdi

“O, şkafı açdı, sterilizatordan çıxardığı iki hidroskopik maskadan birini Ramberə uzadaraq taxmağı tövsiyə etdi. Jurnalist maskanın insanı nədənsə qoruya biləcəyini soruşanda Tarru cavab verdi: “Yox, qorumur, amma başqalarına sakitləşdirici təsir göstərir”. Bu sətirlər Alber Kamyunun 1947-ci ildə çapdan çıxmış “Taun” (“La peste”) romanındandır.

***

Epidemiyalar insanlığı bəşər tarixi boyunca müşayiət edir. Onların qəfil peyda olması və dəhşətli fəsadları hələ antik dövrdən yazıçıların təxəyyülünü coşdurub. Elmi biliklərin kasadlığı üzündən onlar epidemiyaları tanrıların qəzəbinin təzahürü kimi izah ediblər. Homerin “İliada”sında (e.ə. IX-VIII əsrlər) Apollon kahin Xrisin qızı Xriseidanı qaçırdıqları üçün taunu yunanlara cəza olaraq göndərir. Taun obrazı Sofoklun “Çar  Edip” (e.ə. V əsr) faciəsində də var: Fiva hökmdarı atasını öldürdüyü üçün tanrılar bütün əhalini bu xəstəliklə cəzalandırırlar. Epidemiya kəlməsinin bir termin olaraq tarixi də elə antik dövrdən başlanır. Bu sözü ilk dəfə “təbabətin atası” Hippokrat öz “Korpus”unda (seçilmiş əsərlərinin toplusu) xəstəlik mənasında işlədib. Onadək bu söz daha çox “evdə / öz ölkəsində qalan kəs” demək anlamı verirmiş. Hər halda qədim yunan dili üzrə  mütəxəssislər Homerin bu sözü “evdə qalan” mənasında işlətdiyini göstərirlər.

Avropada xaçpərəstliyin yayılması ilə epidemiyanın – bəndələrin günahlarının qarşılığı olaraq Tanrının bəlası kimi göylərdən göndərildiyi barədə təsəvvürlər möhkəmləndi. Yüzilliklər boyunca “Apokalipsisin süvarisi” müntəzəm olaraq Avropaya yürüş edir, hər tərəfə azar toxumu səpirdi. Yazılı mənbələrdə ilk qeydə alınan taun epidemiyası – “Yustinian taunu” (Bizans imperatoru I Yustinianın hakimiyyəti illərində başladığı üçün belə adlandırılır) adı ilə məşhurdur. Bu dəhşətli bəla VI əsrin ortalarında başlayaraq ta VIII əsrin ortalarınadək davam etmişdi. Xəstəlik bütün dünyada on milyonlarla insanı, təkcə Avropada 25 milyon nəfəri “biçmişdi”. O dövrün ən böyük şəhərlərindən olan Konstantinopol (indiki İstanbul) əhalisinin üçdə ikisi tələf olmuşdu.

Həmin taun pandemiyasından sağ çıxmış Bizans yazıçısı və tarixçisi Prokopi Keosariyski yazırdı: “İnsanlar taundan qurtula bilmirdilər; adada, mağarada, dağın başında yaşayanlara da nicat yox idi... Nə qədər ev boşalmışdı, bəzən elə olurdu ki, evdə qohum, ya da nökər olmadığından dünyasını dəyişənlərin cəsədi günlərlə yandırılmırdı. Kimsə işləmirdi. Küçədə qarşılaşdığın adamların çoxu meyit daşıyanlar idi. Bütün ticarət dayanmışdı, sənətkarların hamısı öz dükanlarını bağlamışdılar...”.

Bu taun epidemiyası Orta əsrlərin ən populyar kitablarından olan “Qızıl əfsanə” toplusunda da təsvir olunub. Genuya yepiskopu Yakob de Voroginenin müəllifliyi ilə təqdim olunan müqəddəslərin həyatına hədislər və  folklor nümunələrinin toplusu XIII əsrə aiddir. Müqəddəs Sebastian haqqında əfsanədə indiki İtaliya ərazisini bürümüş taun epidemiyasından söz açılır. Şər mələyi dinc insanları günah işlədiklərinə görə, onların evlərinə öz görünməz nizəsini sancır, həmin evlərin sakinləri də küçəyə çıxan kimi yıxılır və bir daha ayağa qalxmırdılar.

Taun XIV əsrdə Avropada yenidən baş qaldırır. “Qara ölüm” mövzusu Qərb ədəbiyyatında da kifayət qədər əksini tapıb.

***

Avropada İntibah dövrünün başlaması ilə xəstəliklərə, epidemiyalara münasibət də dəyişilir, yenilənir. Məsələn, artıq Covanni Bokkaççonun “Dekameron”unda (1352) taun göylərin qəzəbindən daha çox, fövqəladə vəziyyət kimi çatdırılır. Bu da Bokkaççodan gözlənilən yanaşma idi. Hər halda  bu topluya daxil olan novellaların əksərində duyulan aşkar antiklerikal (sosial və siyasi məsələlərdə dini hakimiyyətə müxalif dünyagörüşü) xarakteri hiss etmək üçün “Dekameron”u bircə kərə vərəqləmək bəsdir. Bununla belə, çox güman ki, “Dekameron”u neçə dəfə mütaliə etdiyini deyənlərin çoxu kitabda epidemiya zamanı özünütəcrid praktikasından bəhs olunduğuna diqqət yetirməyiblər. Halbuki əsərdə hadisələr 1348-ci ildə taun epidemiyası zamanı baş verir. Zadəgan ailələrindən olan üç cavan oğlan və yeddi xanım Santa Mariya Novella kilsəsində görüşərək xəstəliyin yayıldığı Florensiyanı tərk edərək, oradan iki mil aralıdakı şəhərkənarı villaya getməklə xəstəlik səngiyənədək orada qalmağa qərar verirlər. Gənclər hər gün adama bir əhvalat nəql etməklə vaxt keçirirlər.

***

Epidemiya dövründə özünütəcrid və karantin tədbirləri sonrakı dövr Avropa ədəbiyyatında da tez-tez xatırlanır. Məsələn, Vilyam Şekspirin “Romeo və Cülyetta” (1597) pyesində məhz taun karantini üzündən Rahib sevgilisinin ölmədiyi, sadəcə, bihuşdarının təsirilə dərin yuxuya getdiyi barədə məktubu Romeoya vaxtında çatdıra bilmir. Elə həmin əsərdə, Montekki və Kapuletti ailələrinin tərəfdarları Tibaltın təhriki ilə dalaşarkən aldığı yaradan ölən Merkusio son nəfəsində Montekki və Kapulettiləri lənətləyərək taunun onların qapısını döyməsini arzulayır.

Yeri gəlmişkən, Şekspir “Kral Lir” əsərini 1606-cı ildə taun karantini zamanı qələmə alıbmış.

***

Qorxulu ədəbiyyatın ən görkəmli nümayəndələrindən olan Amerika yazıçısı Edqar Alan Po “Qırmızı əcəl maskası” (1842) hekayəsini epidemiya zamanı əsilzadələrin hedonist (həyatın yalnız zövq-səfadan ibarət olduğunu iddia edən qədim yunan əxlaq nəzəriyyəsi) davranışına həsr edib. Bu hekayədə taundan cəmiyyətin quruluşundakı ədalətsizliyin təsviri üçün fon kimi istifadə olunur. Sadə insanların, qara camaatın dəhşətli epidemiyadan tələf olduğu bir vaxtda şahzadə Prospero öz əyanları, doğmaları ilə qəsrə qapanaraq karnaval düzənləməklə əylənir. Lakin “Qırmızı əcəl” özü karnavala gələrək qəsrdəkilərin hamısını yoluxdurur.  Xəstəlik bu əməli ilə də cəmiyyət üzvləri arasında sanki bərabərlik işarəsi qoyur.

***

Yazının əvvəlində görkəmli yazıçı-filosof Alber Kamyunun “Taun” romanından sitat gətirmişdik. Əgər müəllifə inansaq, onun bu romanı – Avropa müqavimət hərəkatının nasizm və faşizm əleyhinə mübarizəsi barədədir. Sadəcə, romanın məzmunu bununla bitmir. Yəni, Kamyunun təbirincə desək, roman “bu obrazın – taunun bütünlükdə insan mövcudluğuna təsiri barədədir”.  Avropada faşizmin qəhvəyi taun da adlandırıldığını yadımıza salsaq, əsər Şərin mövcudluq forması, cəmiyyəti birləşməyə sövq edən faciəli tale barədədir deyə bilərik. Bununla belə, taun və Şər əbədidir, onların üzərindəki qələbə də yalnız müvəqqəti ola bilər. Kamyu bu romanı Fransa Almaniyanın işğalı altında olarkən yazdığından əsərdəki Şər konkret tarixi prototip, proobraz kimi görünür. Lakin bununla belə, romanda şəhəri bürüyən epidemiyanın, toplumun və hakim dairələrin ona münasibəti çox dəqiqliklə təsvir edilir. A.Kamyunun təsvirlərinin çoxu oxucuya bugünkü xəbər lentlərindəki yazıları xatırladır:

“Dünyada həmişə taun da olub, müharibə də. Lakin bir qayda olaraq, taun da, müharibə də insanları qəfil yaxalayır. Müharibə qızışanda adətən insanlar belə deyirlər: “Bu qədər axmaq bir iş çox davam edə bilməz”. Gerçəkdən də, müharibə – çox axmaq bir olaydır, amma nə qədər axmaq olsa da, bu, onun uzun sürməsinə mane olmur. Əgər həmişə yalnız özünü düşünməsən, elədə axmaqlığın son dərəcə sabit olduğunu görməmək mümkün deyil. Bu baxımdan bizim həmvətənlərimiz eynilə bütün insanlar kimi davrandılar – onlar özlərini düşündülər, yəni bu mənada humanistlik etdilər: onlar Tanrının qəzəbinə inanmadılar. Təbii fəlakət insanların hesabı ilə baş vermir, buna görə də fəlakətin – nəsə irreal, tezliklə unudulacaq pis yuxu olduğunu hesab edirlər. Amma bu yuxu bitmir, pis yuxudan ayılan insanlar ilk növbədə də humanistlər əbədi yuxuya gedirlər, çünki onlar ehtiyat tədbirlərini gözləmirlər...  

Hazırladı: Gülcahan MİRMƏMMƏD