İspaniyanın gündəlik “La Razon” qəzetinin internet portalında “Azərbaycan Bakıda İspaniyanın bayrağını proyeksiya edərək öz həmrəyliyini bildirir” sərlövhəli məqalə dərc edilib.
Məqalədə qeyd edilir ki, Heydər Əliyev Mərkəzi ispan musiqisinin müşayiəti ilə İspaniya Krallığının bayrağının videoproyeksiyasının təsvir edildiyi videonu öz “İnstagram” profili vasitəsilə paylaşıb.
Yazıda Bakıdakı Heydər Əliyev Mərkəzinin bu aksiyasının Pasxa bayramı ərəfəsinə təsadüf etdiyi və koronavirusdan zərər çəkmiş ispanlarla həmrəylik və onlara dəstək əlaməti olduğu vurğulanır.
Qəzet diqqətə çatdırır ki, aprelin 3-dən başlayaraq hər axşam koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən birinin milli musiqinin müşayiəti ilə həmin ölkənin bayrağı Heydər Əliyev Mərkəzinin binasına proyeksiya edilir. Beləliklə, Azərbaycan COVİD-19 pandemiyasının yayılmasından ciddi zərər çəkmiş dövlətlərə və onların xalqlarına öz dəstəyini və ehtiramını ifadə edir.