Avropa İttifaqında sərbəst hərəkət imkanı verən Şengen zonası ölkələrinin sərhədləri sentyabr ayına qədər bağlı qala bilər.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Onun sözlərinə görə, Şengen ölkələri mövcud sanitar böhrana görə sərhədlərin sentyabr ayına qədər bağlı qalmasını düşünürlər. Bütün ölkələrdə pandemiya eyni vaxtda başlamayıb. Çin karantin rejimindən çıxmağa başladığı halda, ABŞ-da hələ epidemiyanın pik dövrü başlamayıb. Eyni zamanda Fransa Prezidenti diqqətə çatdırıb ki, epidemiyanın ikinci dalğası da mümkündür.
Qeyd edilib ki, Şengen ölkələrinin sərhədlərinin bağlanması avrozonada iqtisadiyyatın yenidən dirçəlməsini təşviq etmək üçün bir strategiya ola bilər. Hazırda Şengen zonası Avropanın 26 ölkəsini əhatə edir.
Fransanın ekologiya naziri də ölkə vətəndaşlarına dünyada COVİD-19 pandemiyası ilə bağlı mövcud qeyri-müəyyən vəziyyətin hökm sürdüyü vaxtda yay tətilində xaricə getməməyi tövsiyə edib.