Bəşər tarixi fəlakət, epidemiya və bu kimi bir çox hadisələrin şahidi olub. Lakin onlardan bəziləri tarixdə yalnız bir dəfə baş verməklə yanaşı, həm də qəribəlikləri ilə də tarixə düşüb.
Belə misli görünməmiş hadisələrdən biri 1518-ci ildə Strasburqda yayılan “rəqs epidemiyası”dır. Epidemiya bir qadının yalnız özünün eşitdiyi (onun qulağında səslənən) musiqi sədaları altında dayanmadan rəqs etməsi ilə başlayıb. Sonrakı bir həftə ərzində bu xəstəlik daha 30 nəfərdə tapılıb və daha sonra bu rəqəm 400-dək yüksəlib. Nəticədə həmin insanların bəziləri infarkt, yorğunluq kimi müxtəlif səbəblərdən ölüblər. Elm adamları bu hadisəni toplu psixoloji pozuntu kimi qiymətləndiriblər.
Digər belə qəribə epidemiya 1962-ci ildə Tanzaniyanın Kaşaşa şəhərində meydana gəlib. Qızlar məktəbində bir zarafat sonrası başlayan “gülüş epidemiyası”na burada təhsil alan 159 şagirddən 95-i “yoluxub”. Məlumatlara əsasən, epidemiyaya məruz qalan şagirdlərin bəziləri bir neçə saat, bəziləri isə günlərlə gülüb. Epidemiya müəllimlər arasında yayıldıqdan sonra – 1962-ci il martın 18-də məktəbin müvəqqəti bağlanmasına qərar verilib. Sonralar təxminən min nəfərin yoluxduğu epidemiya 14 məktəbin bağlanmasına səbəb olub. Mütəxəssislər bu hadisənin streslə bağlı olduğunu bildiriblər.