Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 pandemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək, eləcə də onların həmvətənləri ilə virtual ünsiyyətinə töhfə vermək məqsədilə musiqili layihə - onlayn konsert proqramları həyata keçirir. Konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun “Facebook” sosial şəbəkə hesabı üzərindən yayımlanır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ilk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu, musiqiçi Karen Danger-Manafzadə aprelin 11-də (Bakı vaxtı ilə saat 22:00-da) çıxış ediblər. A.Manafzadə Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnib.
Prezident təqaüdçüsü olan fleyta ifaçısı Ağarəhim Quliyev aprelin 13-də saat 18:00-da Paris şəhərindən konsert proqramı ilə çıxış edib. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan A.Quliyev dünyanın ən nüfuzlu musiqi yarışmalarından olan “Qızıl açarlar” müsabiqəsində mükafata layiq görülüb.
Layihə üzrə növbəti konsert proqramını Azərbaycanın Əməkdar artisti, pianoçu Nərgiz Əliyarova aprelin 16-da saat 22:00-da ABŞ-ın Nyu-York şəhərindən təqdim edəcək. Nyu-Yorkda Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı olan N.Əliyarova beynəlxalq müsabiqələrin laureatıdır, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosenti olub.
Tanınmış pianoçu Səidə Zülfüqarova 18 apreldə (saat 19:00) Paris şəhərindən növbəti konsert proqramı ilə çıxış edəcək. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan S.Zülfüqarova IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil alıb və Fransa Dövlət Diplomuna layiq görülüb.
Xaricdəki soydaşlarımızın sosial şəbəkə üzərindən konsert proqramları karantin müddətində davam edəcək.