Dünya iqtisadiyyatına misli görünməmiş zərər vurmaqda davam edən koronavirus pandemiyasından qazanan şirkətlər də var. Bunlar əsasən yeni informasiya texnologiyaları sahəsini əhatə edir.

Məsələn, “Zoom Video Communications” şirkətinin müvafiq proqramının 2020-ci ilin mart ayında dünya üzrə sutkalıq auditoriyası 2019-cu ilin dekabr ayı ilə müqayisədə 20 dəfə artaraq 200 milyon nəfərə çatıb. Qeyd edək ki, bu yalnız rəsmi statistikadır, internet proqramlarının “oğurluq”, qeyri-qanuni istifadə sayı isə realda qat-qat çox olur.

Videoəlaqə üçün eyniadlı servisi hazırlayan “Zoom Video Communications” kompaniyasının əsası 2011-ci ildə qoyulub. Kompaniyanın aksiyaları bu il iki dəfədən çox bahalaşıb. Sərmayədarların fikrincə, “Zoom Video Communications” koronavirus səbəbindən böyük gəlir əldə edəcək azsaylı təşkilatlardan biri olacaq. Servis insanlara ev şəraitində videokonfrans formatında işləməyə və təhsil almağa imkan verdiyi üçün sürətlə populyarlıq qazanır.

Bununla yanaşı, bu proqramın mənfi tərəfləri də var. Bir qədər əvvəl “Washington Post” qəzeti “Zoom” servisindəki bir neçə min videozəngin, həmçinin işgüzar iclasların, məktəb məşğələlərinin və şəxsi söhbətlərin videoyazısının internetə düşdüyü barədə məlumat yaymışdı. ABŞ Senatı məlumatların təhlükəsizliyi ilə bağlı konqresmenlərə konfranslar zamanı “Zoom” servisindən istifadə etməməyi məsləhət görüb.

CAVİD