Avstriyanın “Heron Innovations Factory” şirkəti insanlar arasında sosial məsafəni təmin etmək məqsədilə xüsusi cihaz hazırlayıb.
“Safedi” (ingiliscə “safe” – ”qoru, mühafizə et”) adlı senzorlu cihaz koronavirus infeksiyası ilə əlaqədar sosial məsafəni saxlamağı təmin etməlidir. “Bluetooth” funksiyasına malik cihazı üzərində daşıyan istifadəçi eyni cihaza malik başqa istifadəçi ilə çox yaxınlaşdıqda hər iki cihaz akustik və vizual həyəcan siqnalı verir. İlk siqnala məhəl qoymadıqda isə siqnalların intensivliyi və səs tonu artır.
Cihazın bir üstünlüyü də ondan ibarətdir ki, bütün məlumatlar anonim şəkildə xüsusi serverdə qeydə alınır. Mobil telefona yüklənən mobil tətbiq vasitəsilə hər bir istifadəçi öz “əlaqə kitabçası”nı, yəni indiyədək qarşılaşdığı “Safedi” istifadəçilərini anonim şəkildə görə bilir. Əgər həmin istifadəçilərdən birində yoluxma halı qeydə alınırsa, bu zaman server “əlaqə kitabçası”ndakı bütün istifadəçilərə xəbərdarlıq göndərir.
Şirkətdən bildirilib ki, bütün istifadəçi məlumatları anonim olaraq serverdə saxlanılır və mümkün inkubasiya dövründən əvvələ aid bütün məlumatlar avtomatik olaraq silinir.
Hazırda Vorarlberg vilayətində pilot layihə çərçivəsində istehsal olunan min ədəd cihaz dörd şirkətin əməkdaşları arasında test edilir. Testlər uğurla başa çatdıqdan sonra cihazın 19,50 avro satış qiyməti ilə kütləvi istehsalı başlanacaq.