Naxçıvan qədim tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Son illər muxtar respublikada tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Növbəti belə layihə üzrə Naxçıvan şəhərindəki XII əsrə aid Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.
Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, muxtar respublika ərazisindəki abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusilə diqqəti cəlb edir. Səkkiz əsr əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş Yusif Küseyir oğlu türbəsi el arasında isə “Atababa günbəzi” kimi tanınıb.
Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov məlumat verib ki, türbənin bərpasına 2019-cu ilin iyun ayında başlanılıb, ətrafı dəmir-beton istinad divarları ilə bərkidilib və kərpiclə üzlənib. Bildirilib ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramidaşəkilli günbəzlə örtülüb. Türbənin xarici və daxili, sərdabə divarlarının aşınmış hissələri, həndəsi və nəbati naxışların ilkin forması saxlanılmaqla bərpa edilib. Abidədə haşiyə, eləcə də qapı üzərindəki kitabə yazıları da bərpa olunub. Türbənin daxilindəki nəmliyin götürülməsi üçün günbəz hissədə və üst piramida örtüyündə nəfəsliklər açılıb.
Ali Məclisin sədri türbənin bərpaçılarına təşəkkürünü bildirərək deyib ki, abidələrin bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılıb, 70-dən artıq abidə bərpa olunub. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.
Vasif Talıbov Ordubad şəhərindəki XVII-XVIII əsrlərə aid Cümə məscidinin bərpa layihəsinə də baxıb, bərpa işlərinə başlanılması barədə tapşırıqlar verib.