18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş mədəni irs həftəsi çərçivəsində seminarlar keçirilir.
Aprelin 15-də keçirilən “Mədəni irsin qorunmasına müqayisəli baxış” adlı seminarda Türkiyənin Orta Doğu Texniki Universitetindən Duyğu Ərgənc, Belçika Türkləri Konfederasiyasından Rıfat Can, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Seyran Quliyev Azərbaycan, Türkiyə, İtaliya, İspaniya və Belçikada mədəni irsin qorunmasını müqayisəli şəkildə müzakirə ediblər.
Müzakirələrə professor Qafar Cəbiyev, professor Şikar Qasımov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov da qoşulub. Mövzu ətrafında fikir mübadiləsi aparılıb.
***
Aprelin 16-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş həftə çərçivəsində növbəti seminar keçirilib.
“Mədəni irsin bərpa və konservasiya məsələləri” adlı seminarda “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Fariz Xəlilli, Türkiyədən Arxeoloji və incəsənət yayınları müdiri Nezih Başgelen, İstanbul Bəylərbəyi Sabancı Yetkinləşmə İnstitutunun əməkdaşı Rəqsanə Həsənova, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ceyhun Eminli məruzələrlə çıxış ediblər. Mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.