Beynəlxalq Muğam Mərkəzi (BMM) xüsusi karantin rejimi günlərində də yeni onlayn layihələrlə “Facebook” və “İnstagram” sosial şəbəkələri üzərindən sənətsevərlərlə ünsiyyəti davam etdirir.

Bu layihələr karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmaq məqsədi daşıyır.

Mərkəzin növbəti layihəsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. “Qarabağ şikəstəsi” BMM-in solistləri olan xanəndələr tərəfindən ayrı-ayrılıqda evdən canlı bağlantı ilə ifa olunub.

“Evdə qal” çağırışlı layihədə əməkdar artistlər Elnur Zeynalov, Səbuhi İbayev, Təyyar Bayramov və Sevinc Sarıyeva, instrumental ifaçılar Rəşad İbrahimov (tar), Siyavuş Kərimov (qaval), Təbriz Yusubov (kamança) yer alıb.