Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rafiq Əliyev aprelin 16-da, 71 yaşında dünyasını dəyişib.
Rafiq Hacıbaba oğlu Əliyev 1949-cu il noyabrın 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1968-ci ildə Bakıdakı 58 nömrəli orta məktəbi, 1971-ci ildə Sankt-Peterburq şəhərində Mədəniyyət İnstitutunun Mədəni-maarif fakültəsinin rejissorluq bölməsini, 1979-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsini bitirib.
1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. Bu teatrın səhnəsində “Bumbaraş” (Bumbaraş), “Üç muşketyor” (Aramis), “Müsyö Jordan və dərviş Məstəli şah” (Hatəmxan ağa), “Buratino” (Karabas-Barabas), “Müfəttiş” (Dobçinski), “Ötən ilin son gecəsi” (Süleyman) və s. tamaşalarda maraqlı rollar ifa edib.
Teatrda işləməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmdə çəkilib. “Babamızın babasının babası”nda Reportyor, “Üzeyir ömrü”ndə Əli Terequlov, “Qəm pəncərəsi”ndə general-qubernator, “Lətifə” filmində komsomol rəhbəri, “Nə gözəldir bu dünya”da Ramiz, “Otel otağı” filmində professor Luis, “Hökmdarın taleyi”ndə Vanya yüzbaşı və s. rolları oynayıb. Həmçinin “Dərs” bədii filminin quruluşçu rejissoru olub. Rafiq Əliyev televiziya tamaşalarında da maraqlı obrazlar qalereyası yaradıb.
O, 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında rejissor kimi fəaliyyət göstərib, “Blez”, “Qar qız və yeddi cırtdan”, “Bir dəfə Braziliyada”, “Nəsrəddin”, “Hind fantaziyası”, “Şəhərli kürəkən”, “Arzuları gerçəkləşdirən”, “Çimnaz xanım yuxudadır” kimi səhnə əsərlərinə maraqlı quruluşlar verib.
Rafiq Əliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində pedaqoji fəaliyyət göstərib, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor laboratoriyasında gənclərə ustad dərsləri keçərək onları sənətin incəlikləri ilə tanış edib. 2004-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq məsələləri üzrə sədr müavini olub.
Rafiq Əliyevin fəaliyyəti, teatr və kino sənətində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1990-cı ildə respublikanın Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Görkəmli sənətkar, gözəl pedaqoq və səmimi insan Rafiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı